İran İslam Respublikasının qadınlardan ibarət yığması Asiyanın qadın komandaları arasında keçirilən futzal üzrə çempionatına kapitan Nilufər Ardalansız yollanacaqlar.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, İran komandasının qələbə şansını futbolçunun əri Məhdi Tütünçü azaldıb.
Yeri gəlmişkən Məhdi dini fanat deyil, ali təhsillidir.
O, ixtisasca idman jurnalistidir.
Nilufər Ardalanın xarici pasportunun etibarlı olduğu müddət başa çatıb. Onun yenidən bərpa edilməsi üçün İran qanunlarına görə, ərinin razılığı olmalıdır, əri isə razı deyil. Rəsmi izahat belədir – Məhdi arvadının yeddi yaşlı oğullarının ilk məktəb gününü buraxmasını istəmir.
İranda tədris ili çərşənbə günü - sentyabrın 23-də başlayır. Turnir isə sentyabrın 21-dən 26-na qədərdir.
Nilufər İranın ən yaxşı futbolçusu hesab edilir. Qadın hökumətə qanuna yenidən baxmaq üçün müraciət edib.
“Bu oyunlar mənim üçün çox vacibdir. Müsəlman kimi mən, istirahət və əylənmək üçün səyahət etməkdənsə, digər ölkələrdə bayrağımızın qalxması üçün əlimdən gələni etməyə üstünlük verirəm” - İndependent onun sözlərindən sitat gətirir.
E.Ə.
www.oxu.az