Estoniya çempionu “Levadiya” klubunun futbolçusu olan Azərbaycan əsilli Murad Vəliyev bu komanda ilə Türkiyədə daha bir yoxlama oyununa çıxıb.
Oxu.Az-ın xəbərinə görə, 19 yaşlı cinah yarımmüdafiəçisi Antalyada Qazaxıstanın “Kızıljar” komandası ilə 1:1 başa çatan oyunda fasilədən sonra meydana daxil olub. Onun komandası növbəti yoxlama oyununu sabah Ukrayna Premyer Liqa təmsilçisi “Kolos”a qarşı keçirəcək.
O, əlverişsiz hava şəraiti üzündən 20 dəqiqə tez başa çatdırılmış Serbiyanın “Qrafiçar” (2:0), Ukraynanın “Rux” (1:2) və Rusiyanın “Nijni Novqorod” (0:2) komandalarına qarşı keçirilmiş matçlarda meydana fasilədən sonra çıxıb. O, ilk iki komandaya qarşı fasilə başa çatdıqdan dərhal sonra, sonuncu matçda 66-cı dəqiqədən sonra meydana daxil olub.
Qeyd edək ki, Murad Vəliyev “Levadiya” futbol məktəbinin yetirməsi olub. Daha sonra o, “Kalev” klubunun U-17, U-19 və əsas komandalarında çıxış edib. Burada 53 matç keçirib, 13 qol vurub.
Yanvarın 27-də “Levadiya” klubu bu futbolçunu yenidən heyətinə geri qaytardığını və onunla 3 illik müqavilə bağladığını bildirib. “Levadiya”nın idman direktoru Tarmo Kink bu transfer barədə bunları deyib:
“Murad Vəliyev “Levadiya”nın sabiq oyunçusudur. O son vaxtlarda Tallin “Kalev”ində çıxış edib. Qayıtmaq təşəbbüsü Muradın özündən gəldi və biz də onunla maraqlandıq. O, mənim yadımda “Kalev”dəki öz yaxşı oyunu ilə qalıb. Biləndə ki, Murad “Levadiya”ya qayıtmaq istəyir, bu oyunçunun hansı səviyyədə olduğunu dərhal anladım və transferə “yaşıl işıq yandırdım”.
“Hamı “Levadiya”nın burada gözəl imkanlarının və çox yüksək səviyyəsinin olduğunu bilir. “Levadiya” oynamaq üçün əla komandadır. İlk məşqdən artıq anladım ki, olmaq istədiyim ən işgüzar və oyun atmosferinə düşmüşəm”, - deyə Murad Vəliyev bildirib.
Səbuhi Musa