Məlum olduğu kimi, Azərbaycan iyulun 23-də açılış mərasimi olacaq Tokio Yay Olimpiya Oyunlarında 44 idmançı (40 lisenziya) ilə təmsil olunacaq.
44 idmançımızdan 28-i kişi, 16-sı qadındır. Bu dəfə idmançı sayı son iki Olimpiada ilə müqayisədə azdır. Lisenziya sayında (5 nəfərdən ibarət bədii gimnastika üzrə çoxnövçülük komandası bir lisenziya sayılır – S.M.) isə son üç Olimpiadada daha çox kəmiyyətlə təmsil olunmuşuq.
Bəs əvvəllər neçə idmançı ilə təmsil olunub, neçə medal qazanmışıq?
Oxu.Az tarixi keçmişə nəzər salıb.
Atalanta-1996. 23 idmançı (1 gümüş)
Namiq Abdullayev (sərbəst güləş) – gümüş medal;
Sidney-2000. 31 idmançı (2 qızıl, 1 bürünc)
Zemfira Meftəhəddinova (stend atıcılığı), Namiq Abdullayev (sərbəst güləş) – hər ikisi qızıl medal, Vüqar Ələkbərov (boks) – bürünc medal;
Afina-2004. 36 idmançı (1 qızıl, 4 bürünc)
Fərid Mansurov (yunan-Roma güləşi) – qızıl medal, Fuad Aslanov, Ağası Məmmədov (hər ikisi boks), İradə Aşumova (25 metr məsafəyə güllə atıcılığı), Zemfira Meftəhəddinova (stend atıcılığı) – hamısı bürünc medal;
Pekin-2008. 44 idmançı (1 qızıl, 1 gümüş, 4 bürünc)
Elnur Məmmədli (cüdo) – qızıl medal, Rövşən Bayramov (yunan-Roma güləşi) – gümüş medal, Şahin İmranov (boks), Mövlud Mirəliyev (cüdo), Mariya Stadnik (qadın güləşi), Xetaq Qazyumov (sərbəst güləş) – hamısı bürünc medal;
London-2012. 53 idmançı (2 qızıl, 2 gümüş, 5 bürünc)
Toğrul Əsgərov, Şərif Şərifov (hər ikisi sərbəst güləş) – hər ikisi qızıl medal, Rövşən Bayramov (yunan-Roma güləşi), Mariya Stadnik (qadın güləşi) – hər ikisi gümüş medal, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov (hər ikisi boks), Xetaq Qazyumov (sərbəst güləş), Emin Əhmədov (yunan-Roma güləşi), Yuliya Ratkeviç (qadın güləşi) – hamısı bürünc medal;
Rio de Janeyro-2016. 56 idmançı (1 qızıl, 7 gümüş, 10 bürünc)
Radik İsayev (taekvondo) – qızıl medal, Lorenso Sotomayor (boks), Valentin Demyanenko (1200 metr məsafəyə avarçəkmə), Rüstəm Orucov, Elmar Qasımov (hər ikisi cüdo), Toğrul Əsgərov, Xetaq Qazyumov (hər ikisi sərbəst güləş), Mariya Stadnik (qadın güləşi) – hamısı gümüş medal, Kamran Şahsuvarlı (boks), İnna Osipenko-Radomskaya (1200 metr məsafəyə avarçəkmə), Milad Beiqi, Patimat Abakarova (hər ikisi taekvondo), Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov (hər üçü sərbəst güləş), Rəsul Çunayev, Sabah Şəriəti (hər ikisi yunan-Roma güləşi), Nataliya Sinişin (qadın güləşi) – hamısı bürünc medal.
Azərbaycanın indiyədək Olimpiadalarda ən çox medal qazanan idmançıları güləşçilərdir. Bunlar Ukrayna əsilli Mariya Stadnik (2 gümüş və 1 bürünc medal) və osetin əsilli Xetaq Qazyumovdur (1 gümüş və 2 bürünc medal). Stadnikin Tokioda da çıxış edəcəyini nəzərə alsaq, onun bu dəfə nəticəsini daha da yaxşılaşdıracağını gözləmək olar.
Qazanılan 7 qızıl, 11 gümüş və 24 bürünc medal cəmi 6 idmanın sayəsində baş verib. Bunlar güləş (4 qızıl, 7 gümüş, 11 bürünc), cüdo (1 qızıl, 2 gümüş, 1 bürünc), atıcılıq (1 qızıl, 2 bürünc), taekvondo (1 qızıl, 2 bürünc), boks (1 gümüş, 7 bürünc) və avarçəkmə (1 gümüş, 1 bürünc) idman növləridir.
Qeyd edək ki, yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci ildə gümüş medal, Bolqarıstan əsilli ağırlıqqaldıran Valentin Xristov 2012-ci ildə bürünc medal qazansa da, daha sonra onların qanında dopinq tapıldığı üçün medaldan məhrum ediliblər.
Səbuhi Musayev