Oktyabrda start götürəcək APB (AİBA Professional Boxing) turnirində iştirak edəcək boksçuların adları məlum olub.
Oxu.Az xəbər verir ki, Boks Federasiyasından verilən məlumata görə, həmyerlimiz Fariz Məmmədovun da mübarizə aparacağı turnirdə 69 kq çəki dərəcəsində 8 idmançı Olimpiya lisenziyası uğrunda güclərini sınayacaqlar.
Bu çəki dərəcəsinin əsas favoritlərindən biri London Olimpiadasının bürünc, dünya çempionatının gümüş mükafatçısı rusiyalı Andrey Zamkovoydur. 34 yaşlı Məmmədov 69 kq çəki dərəcəsinin ən yaşlı idmançısıdır. Bu çəkidə ən gənc idmançı isə Almaniyanı təmsil edən milliyyətcə erməni olan Arajik Marutyandır. Onun 19 yaşı var.
Andrey Zamkovoyun (Rusiya) - 27 yaşı var. London Olimpiadasının bürünc mükafatçısı, 2009-cu il (Milan) dünya çempionatının gümüş mükafatçısıdır.
Arajik Marutyan (Almaniya) – 19 yaşı var. 2013-cü il (Almatı) dünya çempionatının bürünc mükafatçısı, 2013-cü il Avropa çempionatının (Minsk) gümüş mükafatçısıdır.
Denis Lazarev (Ukrayna) – 24 yaşı var. 2007-ci il (Serbiya) yeniyetmələr arasında Avropa birinciliyinin qalibidir.
Fariz Məmmədov (Azərbaycan) – 34 yaşı var. WBO Avropa kəmərinin sahibidir.
Qyula Kate (Macarıstan) – 32 yaşı var. 2003-cü il (Banqkok) dünya çempionatının, 2009-cu il (Milan) dünya çempionatının bürünc mükafatçısıdır.
Markos Nader (Avstriya) – 24 yaşı var.
Onur Sipal (Türkiyə) – 25 yaşı var. 2008-ci il Pekin Olimpiadasının iştirakçısı, 2013-cü il tələbələrin Universiadasının (Kazan) bürünc mükafatçısıdır.
Rayton Okviri (Keniya) – 28 yaşı var. 2011-ci il Afrika oyunlarının bürünc mükafatçısıdır.