Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı kəndlər arasında keçirilən Borçalı mini Futbol Çempionatının dördüncü mövsümü başa çatıb.
Oxu.Az xəbər verir ki, əsas məqsəd sözügedən zonada yaşayan əhalinin birlik və bərabərliyinin möhkəmləndirilməsidir. Turnirə maraq bu dəfə yüksək olub.
Ümumilikdə 20 komandanın iştirakı ilə sentyabrda start götürən turnirin finalında Faxralı və Kirov kəndlərinin komandaları üz-üzə gəlib.
Əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatan qarşılaşmanın taleyini penalti vuruşları həll edib. Daha dəqiq oynayan Faxralı futbolçuları 5:4 hesablı qələbə qazanıblar.
Faxralı komandasının heyətində milli komandamızın keçmiş futbolçuları Elşən Məmmədov və Eşqin Quliyev fərqləniblər.
Penalti zərbələri zamanı isə futzal millimizin keçmiş qapıçısı Ramin Həsənzadə bir zərbənin qarşısını alaraq komandasına qələbə qazandırıb.
Qeyd edək ki, bu, Faxralı komandasının ardıcıl üçüncü çempionluğudur. Kirovlu futbolçular isə ardıcıl ikinci dəfə finalda bu rəqibi ilə bacarmayıb.