"Formula-1" üzrə dördqat dünya çempionu Maks Ferstappen növbəti mövsümdə yarışları tərk etməyəcək.
Oxu.Az xəbər verir ki, niderlandlı sürücü bu barədə "De Telegraaf" nəşrinə müsahibəsində bildirib.
"Sözsüz ki, mən qalacağam. Hər hansı bir inanılmaz hadisə baş verməzsə... Lakin mən bunu ehtimal etmirəm. Ümid edirəm ki, hər kəs verdiyi sözü tutacaq, amma mən "Formula-1"də qalacağımı tam təsdiqləyə bilərəm. Karyeramda qısamüddətli fasilə götürməyəcəyəm. Əgər dayansam, bu, həmişəlik olacaq", - deyə 28 yaşlı Ferstappen qeyd edib.
Karyerasını "Red Bull" komandasında davam etdirib-etdirməyəcəyi ilə bağlı suala isə ulduz pilot belə cavab verib: "Mən tələsmirəm. Həmişə vurğulamışam ki, həyatımın sonunadək "Red Bull"a sadiq qalmaq istərdim. Lakin bu qərarı məhz bu gün və ya sabah vermək kimi bir məcburiyyətim yoxdur".
Qeyd edək ki, mart ayının sonlarında Ferstappen "Formula-1"dən ayrılma ehtimalının olduğunu gizlətmirdi. O, "Formula-1"ə çəkilən zəhmətə dəyib-dəymədiyinə və ailəsi ilə evdə daha çox vaxt keçirməyin daha doğru seçim ola biləcəyinə dair şübhələrini dilə gətirmişdi.