"Mercedes" komandasının italiyalı pilotu Andrea Kimi Antonelli vaxtından əvvəl "Formula-1" üzrə dünya çempionu adını qazanıb.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, titula sahib olmaq üçün onun Meksika Qran-prisində ilk doqquzluğa düşməsi kifayət edirdi.
Nəticədə Antonelli Mexikoda keçirilən yarışda beşinci pillədə qərarlaşıb. Qran-prinin qalibi isə "Ferrari"dən Lyuis Hemilton olub. İlk üçlükdə Antonellinin komanda yoldaşı Corc Rassell və Şarl Lekler ("Ferrari") də yer alıblar.
Dördüncü yeri "Red Bull" sürücüsü Maks Ferstappen tutub. Mexikodakı yarışdan əvvəl Antonelli Rasselli 123, Hemiltonu isə 124 xal qabaqlayırdı.
Qeyd edək ki, o, bu mövsüm ərzində artıq doqquz dəfə qələbə qazanmışdı. 2025-ci ildən "Mercedes"in şərəfini qoruyan Antonelli "kral yarışları" tarixinə ən gənc çempion kimi düşüb.
Xatırladaq ki, əvvəlki rekord 2010-cu ildə 23 yaşında ilk tituluna yiyələnən almaniyalı Sebastyan Fettelə məxsus idi. Çempionatın növbəti mərhələsi noyabrın 8-də Braziliyanın San-Paulu şəhərində baş tutacaq.