O, yağışlı havada rəqiblərinin görə bilmədiyini görür, sükan arxasında saniyənin mindəbirinədək hesab aparır, ən çətin döngələrdə belə ayağını qaz pedalından çəkmirdi. Üçqat "Formula-1" dünya çempionu Ayrton Senna üçün yarış sadəcə idman deyildi. Bu, öz sərhədlərini tanımaq, qorxunu idarə etmək və hər dəfə daha sürətli olmaq cəhdi idi. Ancaq 1994-cü il mayın 1-də İmolada baş verən faciə onun həyatına son qoydu.
Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə "Formula-1" tarixinin ən böyük pilotlarından biri hesab edilən Ayrton Sennanın həyat hekayəsindən bəhs edəcəyik.
Dörd yaşında başlayan sürət sevgisi
Ayrton Senna da Silva 1960-cı il martın 21-də Braziliyanın San-Paulu şəhərində anadan olub. Atası Milton avtomobillərə və yarışlara böyük maraq göstərirdi. Ayrtonun sürətə sevgisi də elə ailəsində formalaşıb.
O, cəmi dörd yaşında atasının hazırladığı kiçik kartinq avtomobilinin sükanı arxasına keçib. Ailəsi onu "Beko" çağırırdı. Uşaqlıq illərindən avtomobillərə xüsusi maraq göstərən Senna 13 yaşında rəsmi kartinq yarışlarında iştirak etməyə başlayıb. İlk yarışında qalib gəlməsi onun gələcək karyerası üçün mühüm başlanğıc olub.
Kartinqdə qazandığı uğurlardan sonra Senna Avropaya üz tutub. 1981-ci ildə İngiltərəyə köçərək "Formula Ford" yarışlarında iştirak edib. Növbəti il Britaniya və Avropa "Formula Ford 2000" çempionatlarının qalibi olub. 1983-cü ildə isə Britaniya "Formula-3" çempionluğunu qazanaraq "Formula-1" komandalarının diqqətini cəlb edib.

"Formula-1"ə gəliş və ilk böyük uğurlar
Senna 1984-cü ildə "Toleman" komandasının heyətində "Formula-1"də debüt edib. İlk mövsümündə rəqabət qabiliyyəti zəif olan avtomobillə çıxış etməsinə baxmayaraq, istedadını nümayiş etdirib. Xüsusilə yağışlı havada avtomobili idarəetmə bacarığı ilə diqqət çəkib.
Həmin il Monako Qran-prisindəki çıxışı onu geniş auditoriyaya tanıdıb. Güclü yağış altında rəqiblərini bir-bir geridə qoyan braziliyalı pilot ikinci yerdə irəliləyərkən yarış təhlükəsizlik səbəbindən dayandırılıb. Senna yarışı ikinci pillədə başa vurub və həmin çıxışı "Formula-1" tarixinin yaddaqalan anlarından biri olub.
1985-ci ildə "Lotus"a keçən Senna ilk qələbəsini Portuqaliya Qran-prisində qazanıb. O, həmin yarışda yağışlı hava şəraitində rəqibləri üzərində aşkar üstünlük nümayiş etdirib. Sonrakı iki mövsümdə də bir sıra qələbələr qazanan braziliyalı pilot artıq çempionluq uğrunda mübarizəyə hazır idi.

Alain Prostla rəqabət və üç dünya çempionluğu
1988-ci ildə "McLaren"ə keçən Senna komanda yoldaşı Alain Prostla birlikdə "Formula-1" tarixinin ən məşhur rəqabətlərindən birinin əsasını qoyub.
Hər iki pilot yüksək səviyyədə çıxış edir, bir-birinə güzəştə getmək istəmirdi. Onların mübarizəsi təkcə trasda deyil, komanda daxilində də gərginliyə səbəb olurdu.
Senna 1988-ci ildə ilk dünya çempionluğunu qazanıb. 1989-cu ildə titul uğrunda mübarizədə Prost üstün olub. Lakin braziliyalı pilot 1990 və 1991-ci illərdə ardıcıl çempionluqlarla cavab verib. Beləliklə, o, karyerası ərzində üç dəfə "Formula-1" dünya çempionu olub.
Senna ilə Prostun rəqabətinin ən gərgin anlarından biri 1989-cu ildə Yaponiyada keçirilən Qran-pridə yaşanıb. İki pilotun toqquşması və sonrakı hadisələr çempionluq mübarizəsinin taleyinə təsir edib. 1990-cı ildə isə Suzukada baş verən növbəti toqquşma onların rəqabətini daha da kəskinləşdirib.
Bununla belə, sonradan münasibətləri dəyişib. Prost Sennanın 1994-cü ildə keçirilən dəfn mərasimində iştirak edib və onun tabutunu daşıyan pilotlardan biri olub.

Yağışın kralı
Senna haqqında danışarkən onun yağışlı havada göstərdiyi ustalığı xüsusi qeyd etmək lazımdır. O, çətin hava şəraitində avtomobilə nəzarət etmək, döngələrdə düzgün trayektoriya seçmək və rəqiblərindən daha sürətli hərəkət etmək bacarığı ilə seçilirdi.
1993-cü ildə Doninqton Parkda keçirilən Avropa Qran-prisi bunun ən parlaq nümunələrindən biridir. Yarışa dördüncü mövqedən başlayan Senna ilk dövrədə bir neçə rəqibini geridə qoyaraq liderliyə yüksəlib. Dəyişkən hava şəraitində üstünlüyünü qoruyan braziliyalı pilot yarışı böyük fərqlə qazanıb.
Həmin çıxış bu gün də "Formula-1" tarixinin ən möhtəşəm performanslarından biri kimi xatırlanır.

İmolada baş verən faciə
1994-cü ildə Senna "Williams" komandasına keçib. Yeni mövsümə böyük ümidlərlə başlayan pilot ilk üç yarışın hər birində poul mövqeyini qazansa da, heç birində finişə çata bilməyib.
Mayın 1-də San-Marino Qran-prisinin keçirildiyi İmola trasında baş verən qəza onun həyatına son qoyub. Bir gün əvvəl sıralanma turunda avstriyalı pilot Roland Ratzenberger qəza nəticəsində həlak olmuşdu. Növbəti gün isə yarış zamanı Senna Tamburello döngəsində trasdan çıxaraq beton səddə çırpılıb.
Tibbi yardım göstərilməsinə baxmayaraq, braziliyalı pilotun həyatını xilas etmək mümkün olmayıb. O, 34 yaşında dünyasını dəyişib.
Senna ilə Ratzenbergerin ölümü "Formula-1" dünyası üçün böyük sarsıntı olub. Bu faciələrdən sonra Beynəlxalq Avtomobil Federasiyası trasların təhlükəsizliyinin artırılması, qoruyucu baryerlərin təkmilləşdirilməsi, avtomobillərin sürətinin məhdudlaşdırılması və pilotların təhlükəsizliyinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib.
Trasdan kənarda da iz qoydu
Senna yalnız sürəti və qələbələri ilə yadda qalmayıb. O, Braziliyada aztəminatlı ailələrin uşaqlarına kömək etmək istəyirdi. Ölümündən sonra bacısı Viviane Senna onun bu arzusunu həyata keçirmək üçün 1994-cü ilin noyabrında Ayrton Senna İnstitutunu yaradıb.
Təşkilat təhsildə bərabər imkanların yaradılması və uşaqların inkişafının dəstəklənməsi istiqamətində fəaliyyət göstərir. Beləliklə, Sennanın mirası ölümündən sonra da doğulduğu ölkədə minlərlə uşağın həyatına təsir göstərməyə davam edib.
O, "Formula-1"də 41 qələbə, 65 poul mövqeyi və üç dünya çempionluğu qazanıb. Lakin onun mirası statistik göstəricilərlə məhdudlaşmır. Senna sürətə münasibəti, yarışlara yanaşması və insanlara dəstəyi ilə yadda qalıb.
Ayrton Senna cəmi 34 il yaşadı. Onun karyerası yarımçıq qaldı, amma adı "Formula-1" tarixindən silinmədi. Bu gün də İmolada onun xatirəsi yad edilir, dəbilqəsinin rəngləri traslarda görünür, adı isə yeni nəsil pilotlar üçün ilham mənbəyi olaraq qalır.
