Vətən müharibəsində Daxili Qoşunların xüsusi təyinatlıları Kəlbəcərdən Cəbrayıla, Füzulidən Şuşayadək uzanan ağır döyüş yolu keçiblər. Bu yolun hər addımında bir qəhrəmanlıq salnaməsi yazılıb. Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Nicad Bədəlovla da bu barədə danışmışıq.
- Komandir, Vətən müharibəsində ilk döyüş tapşırığınızı hansı istiqamətdə yerinə yetirmisiniz? Zəhmət olmasa, sonrakı döyüş yolunuz barədə də danışın.

- İlk döyüşümüz Kəlbəcər rayonu istiqamətində başladı. Bu istiqamətdə verilmiş tapşırıqların icrasını təmin etdik. Döyüşlər davam edirdi və təbii ki, bizi növbəti tapşırıq gözləyirdi. Cəbrayıl rayonu istiqamətinə yönəldik. Cəbrayılın azad edilməsi və düşmənə aid xüsusi silahlı birliyin məhv edilməsi qarşımıza tapşırıq kimi qoyulmuşdu.
Cəbrayıl da azad edildi. Daha sonra Füzuli rayonu istiqamətinə yönəldik. Burada da Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinə xüsusi tapşırıqlar verilmişdi. Bu tapşırıqlardan ən önəmlisi 952 yüksəkliyinin azad edilməsi idi.
Adını çəkdiyim yüksəklik hərbi baxımdan çox önəmli idi. Çünki oradan Xocalı, Xocavənd, Şuşa və Hadrut istiqamətlərindəki bütün xüsusi yollara nəzarət edilirdi. Buna görə də yüksəkliyin azad edilməsi qarşımızdakı əsas tapşırıqlardan biri idi. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlıları bu tapşırığı da layiqincə yerinə yetirdilər. Zirvəni fəth etdik.
- Bəs Şuşanın azad edilməsi uğrunda döyüşlərə necə başladınız?

- Füzuli işğaldan azad edildikdən sonra Şuşa şəhərinin azad edilməsi bizim - Daxili Qoşunların xüsusi təyinatlılarının qarşısında duran əsas tapşırıqlardan biri idi. Bu, Daxili Qoşunların və Azərbaycan Ordusunun xüsusi təyinatlılarının zabit və gizirləri üçün xüsusi əhəmiyyət daşıyırdı. Hamımız yaxşı bilirik ki, Şuşa Qarabağın ürəyidir, tacıdır.
Şuşa nəyin bahasına olursa-olsun azad edilməli idi. Əvvəlcə qarşımıza 1553 yüksəkliyini düşməndən təmizləmək tapşırığı qoyulmuşdu. Düşmən bu yüksəklikdən Şuşaya gedən bütün yollara və strateji yüksəkliklərə nəzarət edirdi.
- Bildiyimizə görə, müharibənin ən ağır döyüşlərindən biri burada gedib...
- Bəli. Çünki ərazinin təbii relyefi irəliləməyimizi çətinləşdirirdi. Dediyim kimi, əvvəlcə 1553 yüksəkliyini aşmalı idik. Qürur hissi ilə deməliyəm ki, düşmənin atəşinə baxmayaraq, Azərbaycan zabit və əsgərlərinin iradəsi, gücü sayəsində bu maneələr aşıldı, zirvələr fəth edildi və mövqelər tutuldu. Həmin yüksəkliklərin ələ keçirilməsi ilə Şuşanın bütün giriş və çıxışları nəzarətimizə keçdi.

1553 yüksəkliyi azad edildikdən sonra ordumuzun birliklərinə təhvil verildi və Şuşa istiqamətində döyüşlər başladı. Şəhərə gedən yollar artıq nəzarətimizdə idi. Ancaq Şuşanın azad olunması heç də asan olmadı. Döyüşlər çətin şəraitdə gedirdi. Düşmənin artilleriyası, Şuşa ətrafında qurduğu xüsusi istehkamlar və maneələr var idi. Buna baxmayaraq, noyabrın 7-də Şuşa artıq düşməndən azad edilmişdi.
- Deməli, noyabrın 8-də tarixi Zəfərimizin elanını Şuşada eşitmisiniz... Həmin an hansı hissləri keçirdiniz?
- Zəfərin elan olunduğu gün yaddaşımda dərin iz buraxıb. Dediyim kimi, noyabrın 7-də Şuşada idik, şəhəri artıq azad etmişdik. Noyabrın 8-də Şuşada olan hərbçilərin hər biri sevincdən göz yaşlarını saxlaya bilmirdi. Bu, elə bir hiss idi ki, onu anlamaq üçün həmin anları yaşamaq lazım idi.
- Dünya tarixi Zəfərimizi heyranlıqla, bəlkə də bir qədər qısqanclıqla izlədi. Sizcə, bu qələbəni təmin edən əsas amillər nə idi? Bunun sirri nədə idi?
- Əminliklə deyə bilərəm ki, Zəfəri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın birliyi və Azərbaycan əsgərinin fədakarlığı sayəsində qazandıq. Qarabağı şəhidlərimizin qanı bahasına geri aldıq. Ona görə düşünürəm ki, həm onların xatirəsini yaşatmalı, həm də bizə əmanət qoyduqları Vətəni göz bəbəyimiz kimi qorumalıyıq. Ərazi bütövlüyü və suverenliyi uğrunda qan tökdüyümüz, silahdaşlarımızı, döyüş yoldaşlarımızı itirdiyimiz Vətəni gələcək nəsillərə ötürməliyik.

- Son olaraq, Vətən müharibəsinin iştirakçısı və komandir kimi bu gün geriyə baxanda hansı hissləri keçirirsiniz?
- Tarixi Zəfərimiz bizə qürur yaşatmaqla yanaşı, üzərimizə daha böyük məsuliyyət qoyub. Bu məsuliyyət bizdən istənilən tapşırığı yerinə yetirməyə daim hazır olmağı, dövlətə sədaqətlə xidmət etməyi və şəhidlərimizin müqəddəs əmanətini qorumağı tələb edir.
Zəfəri qazanmaq böyük iradə tələb edirdi. Biz də xalq olaraq, Daxili Qoşunların xüsusi təyinatlıları olaraq bu şərəfli borcu layiqincə yerinə yetirdik. Zəfərimizi bir xalq, bir dövlət olaraq qazandıq. Tarixin və zamanın qarşısındakı böyük imtahandan məğrur və qalib çıxdığımıza görə mən də müharibədə iştirak etmiş hərbçi kimi özümü xoşbəxt hiss edirəm.