FIFA prezidenti Canni İnfantino DÇ-2026 oyunları zamanı tətbiq edilən su fasilələrinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə dünyanın ali futbol təşkilatının rəsmi saytında məlumat verilib.
"Əsas səbəb istidir, lakin biz dərk etməliyik ki, 39 gün davam edən dünya çempionatı kimi bir turnirdə komandalar potensial olaraq səkkiz matça çıxa bilərlər.
İstirahət imkanı olduqca vacibdir. Bizim üçün bütün komandaların hər görüşdə eyni şəraitdə oynamasını təmin etmək daha böyük önəm daşıyır. Yalnız havanın daha isti olması səbəbindən bir baş məşqçinin oyuna müdaxilə etmək və dəyişikliklər aparmaq şansının olması, digər matçda isə temperatur nisbətən aşağı olduğu üçün fərqli bir mütəxəssisin bu imkandan məhrum edilməsi ilə barışmaq çox çətindir.
Biz hər kəs üçün bərabər şərait yaratmaq istəyirik və məhz bu səbəbdən hər oyunda belə fasilələr nəzərdə tutulub. Bütün kommersiya müqavilələri əvvəlcədən imzalandığı üçün FIFA-nın bundan heç bir əlavə gəliri yoxdur. Beləliklə, bizim üçün bu, maliyyə məsələsi deyil. Bu, tamamilə idmanla bağlı olan bir məsələdir", - deyə federasiya rəhbəri bildirib.
Qeyd edək ki, fasilələr 22-ci və 67-ci dəqiqələrdə tətbiq olunur və təxminən üç dəqiqə davam edir. Daha sonra isə bu müddət hər hissənin sonundakı əlavə vaxta qatılır. Belə bir təcrübə dünya çempionatları tarixində ilk dəfə istifadə olunur.