FIFA prezidenti Canni İnfantino, turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf FIFA U-15 dünya çempionatı və festivalının ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, səfər zamanı rəsmilər kompleksdə yaradılmış şəraitlə tanış olub, turnirin ilk oyunlarını izləyiblər.
Qeyd edək ki, İlk oyun günü ərzində Hövsan Yarış Kompleksində ümumilikdə 92 oyun keçiriləcək.
FIFA U-15 dünya çempionatı ümumilikdə 22-30 oktyabr tarixlərini əhatə edir. Turnirin ilk oyunlarına bu gün, oktyabrın 24-də start verilib. İlk dəfə keçirilən turnir 189 FIFA üzv assosiasiyasından olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir.
İlk oyun günü bu axşam "Bakı Kristal Zalı"nda davam edəcək. Burada turnirin rəsmi açılış mərasimi keçiriləcək, ardınca isə Azərbaycan milli komandası Şərqi Timor yığması ilə qarşılaşacaq.
Yüksəksəviyyəli qonaqların səfəri FIFA, AFFA və yerli təşkilat qurumları arasında sıx əməkdaşlığı əks etdirir. FIFA U-15 dünya çempionatı gənc futbolçuların inkişafına, beynəlxalq təcrübə mübadiləsinə və futbolun qlobal miqyasda inkişafına töhfə verməyi hədəfləyir.