Üç gün əvvəl Rusiya paytaxtı Moskvada yerləşən “Neolit” restoranında azərbaycanlılarla çeçenlər arasında yaranmış qalmaqala Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da biganə qalmayıb.
Oxu.Az xəbər verir ki, hazırda sərbəst güləş millimizlə Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışında olan F. Umudov Moskvada baş verən hadisəni kiminsə təxribatının nəticəsi olduğunu və bu insidentin heç bir halda millətlərarası münaqişə kimi təqdim edilməsinin doğru olmadığını bildirib:
“Son günlər Rusiyada bəzi qüvvələrin təxribatı nəticəsində həmvətənlərimizlə dost çeçen xalqının nümayəndələri arasında xoşagəlməz hallar baş verib və bu xeyli narahatlıq doğurur. Onilliklər boyu dost və qardaş münasibətində olan xalqlar arasında bu cür hallar qətiyyən yolverilməzdir. Bu gün ölkəmizdə çeçen xalqının xeyli sayda nümayəndəsi yaşayır, sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi milliyyətcə çeçen olan Zəlimxan Hüseynovdur.
Mütəmadi olaraq Çeçenistan idmançıları ilə birgə təlim-məşq toplanışlarında iştirak etmişik və aramızda heç zaman fikir ayrılığı olmayıb. Hətta qarışıq döyüş növləri üzrə dünyaca məşhur çeçen idmançılar – Mahirbəy Taysumov və Yusif Rəisov da bizimlə təlim-məşq toplanışında bir araya gəlib və səmimi qəbul üçün təşəkkür ediblər.
Baş verənləri hər birimiz dərin narahatlıq hissi ilə qarşılayır və sizi təxribata uymamağa çağırırıq. Əminəm ki, hər şey ən qısa zamanda yoluna düşəcək və dostluğumuza heç zaman xələl gəlməyəcək”.
Qeyd edək ki, daha əvvəl idmançılardan Zabit Səmədov bu məsələyə münasibət bildirmişdi.
Rəylər