"Real Madrid"dən icarəyə götürülən "Fiorentina"nın vingeri Franko Mastantuono A Seriyasının IV turunda "Venesiya"ya qarşı matçda (4:2) het-trik edərək üç rekorda imza atıb.
Oxu.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir.
Məlumata görə, 19 yaş 28 günlüyündə olan argentinalı İtaliya A Seriyası tarixində het-trik edən ən gənc əcnəbi futbolçu olub. Bundan əlavə, o, İtaliya çempionatının bir matçında birdən çox qol vuran ən gənc "Fiorentina" oyunçusu adını qazanıb. Əvvəlki rekord 1974-cü ildə 19 yaş 52 günlüyündə dubl edən Klaudio Dezolatiyə məxsus idi.
Mastantuono həmçinin Avropanın aparıcı beş liqasında bir matçda üç qol vuran ən gənc argentinalı futbolçu olub. O, 2007-ci ilin martında "Barselona"nın heyətində "Real Madrid"ə qarşı oyunda (3:3) 19 yaş 259 günlüyündə het-trik edən Lionel Messinin rekordunu yeniləyib.