Məlum olduğu kimi, mayın 29-da doğma Bakımızda ilk dəfə UEFA Avropa Liqasının finalı keçiriləcək.
Oxu.Az möhtəşəm final ərəfəsində azərbaycanlı futbolçuların fikirlərini öyrənib.
Rəşad Sadıqov (“Qarabağ”ın müdafiəçisi): “Düşünürəm ki, maraqlı oyun olacaq. Çünki bu, London derbisidir. İki böyük komanda finalda qarşılaşır. Hər iki komandanın şansları bərabərdir. Bizim üçün yaxşıdır ki, “Qarabağ”ın qrupunda çıxış etmiş komanda Bakıdakı finalda çempion olmaq üçün mübarizə aparacaq. Şanslara gəlincə, bu, finaldır. Finalda isə kim daha az səhv edirsə, o komanda da qalib gəlir. Çünki belə görüşdə səhvlər bağışlanmazdır”.

Davud Kərimi (“Keşlə”nin sabiq qapıçısı): “Açığı, “Arsenal” komandasına həmişə simpatiyam olub. Amma erməni futbolçuları Henrix Mxitaryanla bağlı son vaxtlar Azərbaycan barədə gedən neqativ düşüncələrə görə “Çelsi”nin qalib gəlməsini istəyirəm”.

Əfran İsmayılov (“Sumqayıt”ın yarımmüdafiəçisi): “Hər iki komandaya qarşı “Qarabağ” oynayıb. İkisi də maraqlı komandadır. Ona görə də tamaşaçıları çox maraqlı, çox sürətli oyun gözləyir. Məncə, “Arsenal” 2:1 qalib gələcək”.

Rail Məlikov (“Sumqayıt”ın müdafiəçisi): “Sevindirici haldır ki, final Bakıda keçirilir. İki İngiltərə klubu finalda oynayacaq. Mən Məsut Özilə görə “Arsenal”ın qalib gəlməsini istəyirəm. Çünki bu futbolçuya qarşı çox haqsızlıqlar olub. O, mənim sevimli oyunçularımdan biridir.
İstəyərəm ki, Özil Bakıda qol vursun və Türkiyə bayrağını çiyninə salaraq kubok qaldırsın. Şanslar bərabərdir. Finalda zəif komanda da güclüyə qalib gələ bilər. Favoritim “Arsenal”dır. Maraqlı olması üçün oyunun penalti seriyasına kimi uzanması daha yaxşı olar. Amma “Arsenal”ın 2:1 qalib gələcəyini düşünürəm”.

Səbuhi MUSAYEV