“Gaming League Azerbaijan” (GLA) yeni layihəyə başlayır. Fevralın 20-də Azərbaycanda ilk dəfə “Valorant” turnirinə start veriləcək. Bütün dünyada geniş vüsət alan “Valorant” turniri hazırda əksər ölkələrdə böyük rəğbət qazanıb. “Gaming League Azerbaijan”ın bu növ üzrə yarış keçirməsinə əsas səbəb “Valorant” oyununa olan yaranan yüksək maraqdır. “I Valorant” bu növ üzrə ən böyük yarış olacaq.
Yarışda ümumilikdə 28 komanda iştirak edəcək. Hər komandada 5 nəfər iştirakçı olacaq. Turnir martın 3-ə qədər davam edəcək.
Xatırladaq ki, “Gaming League Azerbaijan” yarışı Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin birgə dəstəyilə təşkil edir.
“Instagram” ünvanı: Glahub
Youtube ünvanı: Glahub
Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.
Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 30-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.