Azərbaycan Gimnastika Federasiyası (AGF) ötən il paytaxtımızda uğurlu təşkil edilmiş irimiqyaslı beynəlxalq yarışlardan sonra yenicə qədəm qoyduğumuz 2022-ci ildə gimnastika növləri üzrə milli yarışları keçirməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq, tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, ilin ilk 3 ayı ərzində Milli Gimnastika Arenasında müxtəlif gimnastika növləri üzrə 4 milli yarış keçiriləcək.
Yarışların siyahısını təqdim edirik:
• 29 yanvar 2022-ci il – Batut gimnastikası üzrə VI, Tamblinq üzrə XVIII Azərbaycan birinciliyi və Bakı çempionatı
• 24-25 fevral – Akrobatika gimnastikası üzrə XXVII Azərbaycan birinciliyi və Bakı çempionatı
• 16 mart – Bədii gimnastika üzrə XXVII Azərbaycan çempionatı;
• 25-26 mart – Qadın idman gimnastikası üzrə VI, kişi idman gimnastikası üzrə XXVII Azərbaycan birinciliyi və Bakı çempionatı
Xatırladaq ki, bütün dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə bir sıra idman növlərində olduğu kimi, gimnastikada da 2020-2021-ci illər ərzində keçirilməsi nəzərdə tutulan yerli yarışlar təxirə salınıb.