Azərbaycanda Birinci Avropa Oyunlarının keçirilməsi Bakının Çempionlar Liqasının əsas matçlarından birinin keçiriləcəyi yer olması ehtimalını artırır.
Oxu.Az xəbər verir ki, bu barədə məşhur Goal.com idman saytı yazıb.
Sayt qeyd edib ki, keçən cümə Avropa Oyunlarının açılış mərasimindən sonra Bakı şəhəri Çempionlar liqasının bəzi matçlarının keçirilməsi üçün məkan ola bilər.
“Tarixdə ilk Avropa Oyunlarında 6000 idmançı iştirak edəcək, onlar Noel Ott kimi ulduzun çıxış etdiyi çimərlik futbolunun da daxil olduğu 20 müxtəlif idman növü üzrə mübarizə aparacaqlar. Bakının yenidən qurulmuş Olimpiya stadionunda Avropa-2020-nin qrup oyunlarının iki matçı və dörddə bir finalı keçiriləcək, amma Azərbaycan növbəti illərin ən yaxşı futbol klublarını da qarşılamağa ümid edir”.
Azərbaycan Futbol Federasiyasının baş katibi Elxan Məmmədov deyib:
“İndi bizim 68 min adamın yerləşəcəyi stadionumuz var. Bu, regionda ən iri stadiondur. Onda nəyə görə Avropa çempionatı və ya Çempionlar liqasının final matçlarının keçirilməsinə namizəd olmayaq?”.
Materialda gələn il Bakıda Formula-1 yarışlarının keçirilməsi qeyd edilib.
“Düşünürəm ki, bura yarışların keçirilməsi üçün əla məkandır. Bura ilk səfərim zamanı mən heyran qalmışdım”, - F1 Group-un rəhbəri Berni Ekklston deyib.
Bakının mövqeyinin dünya idman xəritəsində gücləndirilməsi Avropa futbolunun ən mühüm matçlarının məhz bu şəhərdə keçirilməsi ehtimalını artırır, Goal. Com yazır.