Türkiyənin Antalya şəhərində Mithat Bayrak və İsmət Atlının xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında 18-ci beynəlxalq turnir start götürüb.
Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a bildirilib ki, turnirin ilk günündə güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıblar.
Gənc qızların yarışında Almaz İsmayılova (55 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Yunan-Roma güləşçilərinin mübarizəsində Nofəl Babayev (50 kq) bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Ruhin Mikayılov (66 kq) 5-ci yerlə kifayətlənib.
Sərbəst güləşçilərin yarışında mübarizə aparan Teymur Məmmədov (66 kq) da bütün rəqiblərindən üstün olub. Finalda güləşçimiz Rusiyalı rəqibinə qalib gəlməklə turnirin qızıl medalını qazanıb. Eyni çəkidə digər təmsilçimiz Vurğun Əliyev isə, yekunda 5-ci sırada yer alıb.
Xatırladaq ki, üç gün davam edən turnir mayın 24-də başa çatacaq.