“Dünya çempionatında bəzi rəqiblərin dərsini vermək vaxtıdır”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu dördüncü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı hədəfləyir:
“Həm dördüncü dəfə dünya çempionu olmaq, həm də olimpiadaya lisenziya qazanmaq istəyirəm. Bəlkə də, son dünya çempionatım olacaq. Ona görə də turnirin qalibi olmağa çalışacağam. Rəqiblərə şans verməmək üçün əlimdən gələni edəcəyəm”.
32 yaşlı idmançı ötən dünya çempionatında bəzi rəqiblərin hərəkətlərinin ona təsir etdiyini söyləyib:
“Ötənilki dünya çempionatından bəri bir neçə rəqibə qarşı bir az əsəbiyəm. Bəzilərinin qələbədən sonrakı hərəkətləri mənə psixoloji cəhətdən təsir etmişdi. Onlardan əvəz çıxmaq istəyirəm”.
H.Əliyev hazırda optimal formada olduğunu deyib:
“Son Avropa çempionatının qalibi olsam da, indi daha yaxşı formadayam. Nəticəni yarış göstərəcək. Çünki orada tam fərqli görüşlər ola bilər. Tam hazıram”.
Qeyd edək ki, sentyabrın 16-24 aralığında keçiriləcək dünya çempionatına Azərbaycan 10 sərbəst güləşçi ilə qatılacaq.
Faiq Tahirov