Bu gün Bakı-2015 I Avropa Oyunlarında kamandan oxatma yarışlarına start verilib.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda 5 növdə yarışlar keçirilib.
Kişilər və qadınlar fərdi yarışların reytinq mərhələsində qüvvəsini sınayıb. Azərbaycan kişilərin yarışında 3 idmançı - Aleksey Kopnin, Roman Vengerov və Taras Senyuk təmsil olunub. Reytinq mərhələsində Senyuk 328 xalla 45-ci, Kopnin 314 xalla 50-ci, Vemgerov 301 xalla 57-ci yeri tutub.
İyunun 20-də keçiriləcək 1/32 finalda Vengerov fransalı Lukas Daniellə, Senyuk lüksemburqlu Ceff Henkellə, Kopnin isə rusiyalı Bair Tsibekdorjiyevlə qarşılaşacaq.
Kişilərin komanda yarışlarında reytinq mərhələsi başa çatıb. 1893 xal toplayan Azərbaycan millisi 13 komanda arasında 12-ci olub. Yığmamız bu gün başlayan 1/8 finalda İtaliya ilə qarşılaşacaq. Millimizin görüşü sabah saat 11:15-də start götürəcək.
Qadınların yarısında təmsilçilərimiz arasında ən yaxşı nəticəni Olqa Senyuk göstərib. O, 309 xalla 34-cü olub. Nurlana Vəliyeva 300 xalla 60-cı, Yaylagül Ramazanova 295 xalla 61-ci yeri tutub. İyunun 19-da baş tutacaq 1/32 finalda hər üç idmançımız çıxış edəcək.
Komanda hesabında reytinq mərhələsində 1795 xal toplayan millimiz 16 komanda arasında sonuncu olub. Buna baxmayaraq, komandamız 1/8 finalda çıxış edəcək. Bu gün start götürən mərhələnin sabah baş tutacaq duelində millimiz Almaniya ilə qarşılaşacaq.
Qarışıq komanda yarışlarının reytinq mərhələsində 1270 xal toplayan millimiz 29 iştirakçı arasında 19-cu olub. Yığmamız sabah 1/8 finalda İtaliya ilə qarşılaşacaq. Görüş saat 15:28-sə başlayacaq.
18:12
Bu gün Bakı-2015 Avropa Oyunlarında qadınların kamandan oxatma yarışlarında Almaniya idmançısı Liza Unruh 662 xalla fərdi reytinq mərhələsinin birincisi olub.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, sonrakı yerlərdə danimarkalı Maya Yaqer (657 xal), italiyalı Natalia Valeeva (653), gürcüstanlı Xatuna Nərimanzadə (653), rusiyalı Kristina Timofeyeva (650), italiyalı Quendalina Sartori (648), rusiyalı İnna Stepanova (647), Nataliya Yerdniyeva (647), alman Karina Vinter (646) və ukraynalı Lidiya Sıçenikova (644) qərarlaşıblar.
Təmsilçilərimizdən Olqa Senyuk 627, Nurlana Vəliyeva 586, Yaylagül Ramazanova 582 xalla müvafiq olaraq 34, 60 və 61-ci yerləri tutublar.
Komanda çoxnövçülüyü üzrə reytinq mərhələsində isə ilk onluqda Almaniya (1952 xal), Rusiya (1944), İtaliya (1938), Ukrayna (1917), Gürcüstan (1916), Danimarka (1907), Fransa (1898), İspaniya (1888), Belarus (1887) və Türkiyə (1886 xal) yer alıb.
Azərbaycan yığması 1795 xalla 16-cı yeri tutub.
10:35
“Bakı 2015” ilk Avropa Oyunlarında kamandan oxatma yarışları start götürüb.
Oxu.Az xəbər verir ki, 7 gün davam edəcək yarışların sonunda idmançılara 5 medal dəsti təqdim olunacaq.
Kişilər arasında fərdi yarışlarda Azərbaycanı Aleksey Kopnin, Roman Vengerov və Taras Senyuk təmsil edirlər.
Qadınlar arasında fərdi və komanda çoxnövçülük reytinq mərhələləri 14:00-da başlanacaq.
Ölkəmizi bu yarışlarda Yaylagül Ramazanova, Nurlana Vəliyeva və Olqa Senyuk təmsil edirlər.
E.Ə.
www.oxu.az