Azərbaycan idmançıları “Tbilisi-2015” 13-cü Avropa Gənclər Olimpiya Festivalında daha bir qızıl medal qazanıblar. Növbəti qızıl medalı Azərbaycana cüdoçumuz Hasil Cəfərov (73 kq) qazandırıb.
Oxu.Az-ın AzərTAc-a istinadən məlumatına görə, idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib və üçrəngli bayrağımız ucaldılıb.
Beləliklə, Azərbaycan ikisi qızıl olmaqla 5 medal qazanıb və bu göstərici ilə reytinq cədvəlində 13-cü yerdədir.
İyulun 31-də yeniyetmə idmançılarımız medallar uğrunda mübarizəni davam etdirəcəklər. Sabah gənclərimiz velosiped, cüdo və üzgüçülük yarışlarında qüvvələrini sınayacaqlar.