Bakı Apellyasiya Məhkəməsində Sabunçu rayon sakini Əliş Abdullayevin (1969-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il avqustun 9-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində şəhər sakini Əliş Abdullayev münaqişə zəminində tanışı, əvvəllər məhkum olunan Elməddin Əliyevi (1987-ci il təv.) bıçaqlayıb. Yaralı döş qəfəsindən aldığı xəsarətlərlə 3 saylı kliniki xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Hadisəni törədən şəxs həmin tarixdə Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Dindirilmə zamanı o bildirib ki, cinayəti Əliyevin qərəzli hərəkətləri nəticəsində törədib. Belə ki, sərxoş vəziyyətdə olan Elməddin ona qarşı ağır söyüşlər işlədərək bıçaqla xəsarət yetirmək istəyib, lakin həmin vaxt Abdullayev onun əlindən bıçağı alaraq onun sinəsindən zərbə endirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Abdullayev 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib, qərara əsasən Ə.Abdullayevin ittiham olunduğu CM-nin 120.1-ci maddəsi 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Bununla da təqsirləndirilən şəxsə 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub.
C.H.
www.oxu.az