Sloveniyanın Maribor şəhərində 25-28 iyul tarixlərində XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo üzrə fərdi yarışları keçirilib.
“Report” xəbər verir ki, Azərbaycan turnirdə 12 çəki dərəcəsində səkkiz oğlan və dörd qız cüdoçu ilə təmsil olunub. Cüdoçularımız fərdi yarışlarda ümumilikdə üç qızıl, iki gümüş və dörd bürünc medal əldə ediblər.
Turnirin ilk günündə oğlanlar arasında -50 kiloqram çəkidə Nihad Məmişov və -55 kiloqram çəkidə Ayxan Mirzəzadə yarışın bürünc medallarını əldə ediblər. Qızlar arasında isə -44 kiloqram çəkidə Məryəm Bayramzadə yarışı yeddinci yerdə tamamlayıb.
Yarışın ikinci günündə qızlar arasında -48 kiloqram çəkidə Vüsalə Hacıyeva və -52 kiloqram çəkidə Xədicə Qədəşova bütün rəqiblərinə qalib gələrək, yarışın qızıl medallarına sahib olublar. Oğlanlar arasında -60 kiloqram çəkidə Məhəmməd Musayev və -66 kiloqram çəkidə Cəsur İbadlı yarışda bürünc medal qazanıblar.
Yarışın üçüncü günündə oğlanlar arasında -73 kiloqram çəki dərəcəsində Süleyman Şükürov Festivalın gümüş medalını qazanıb.
Fərdi yarışların sonuncu günündə oğlanlar arasında -90 kiloqram çəkidə Aslan Kotsoyev bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. +90 kiloqram çəkidə Ramazan Əhmədov isə yarışın gümüş medalını qazanıb.
Qeyd edək ki, sabah EYOF-un komanda yarışları keçiriləcək. Komanda yarışlarında Azərbaycan yığması dörd qız və altı oğlan cüdoçu ilə təmsil olunacaq.
00:01
Mariborda (Sloveniya) keçirilən Avropa Gənclər Olimpiya Festivalında cüdo üzrə fərdi turnir başa çatıb.
Azerisport.com xəbər verir ki, növbəti yarış günündə iki azərbaycanlı idmançı tatami üzərinə çıxıb.
Aslan Kotsoyev (90 kiloqram) Bilin Kuk (Kosovo), Nikita Afanasyevs (Latviya) və Marko Boziçi (Xorvatiya) məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə Saba Qvelesiani (Gürcüstan) üzərində qələbə qazanaraq çempion olub.
Ramazan Əhmədov (+90 kiloqram) Kristian Vilhelm (Almaniya), Oiannis Kastelidis (Yunanıstan) və Stefan Koviniçi (Monteneqro) məğlub edərək finala yüksəlib. Burada isə o, İbrahim Tataroğluna (Türkiyə) uduzaraq gümüş medal qazanıb.
Qeyd edək ki, cüdo üzrə şəxsi yarışların nəticələrinə görə komandamızın aktivində doqquz medal var: Vüsalə Hacıyeva (48 kiloqram), Xədicə Qadaşova (52 kiloqram) və Aslan Kotsoyev (90 kiloqram) çempion olublar. Süleyman Şükürov (73 kiloqram) və Ramazan Əhmədov (+90 kiloqram) gümüş, Nihad Məmişov (50 kiloqram), Ayxan Mirzəzadə (55 kiloqram), Maqomed Musayev (60 kiloqram) və Cəsur İbadlı (66 kiloqram) isə bürünc medal qazanıblar.