Üç yaşından gimnastika ilə məşğul olan, yeniyetməlik dövründə yarışlarda diqqətəlayiq uğurlar qazanan, daha sonra elektrik kimi fəaliyyət göstərən və bütün qazancını ilk avtomobilinə yatıran bir gənc illər sonra dünya rallisinin ən unudulmaz əfsanələrindən birinə çevriləcəkdi.
Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə gimnastikadan avtomobil idmanına keçid edən, 9 qat dünya çempionu adını qazanan və ralli tarixində rekordları yeniləyən Sebastyan Löbün həyat hekayəsini təqdim edirik.
İlk yarış - gimnastika
Sebastyan Löb 26 fevral 1974-cü ildə Fransanın Elzas bölgəsindəki Ageno şəhərində dünyaya göz açıb.
Onun atası Giyom Löb keçmiş gimnast olub. Oğlunun idmana olan marağını erkən yaşlarında fərq edən ata, onu hələ 3 yaşında ikən gimnastikaya yönləndirib. Löb bu idman növü ilə 12 il peşəkar səviyyədə məşğul olub. O, Elzas çempionatında dörd dəfə qızıl medal qazanıb, Fransanın Böyük Şərq regionunda çempionluq əldə edib və ölkə çempionatında beşinci pilləyə qədər yüksəlib.

Lakin onun xarakterində başqa bir önəmli xüsusiyyət də gizlənirdi: rəqabət əzmi. Löb uşaqlıq illərindən hər sahədə liderliyə can atırdı. Üçtəkərli velosipeddən ikitəkərliyə, oradan isə motosikletə keçid etdikcə, onun sürətə olan ehtirası dayanmadan artırdı.
Elektrik işləyən gələcək dünya çempionu
Yeniyetməlik illərində avtomobillərə və sürətə olan bağlılığı daha da dərinləşdi.
Məktəbi bitirdikdən sonra elektrik ixtisasına yiyələnərək bu sahədə çalışmağa başladı. Lakin o, qazandığı vəsaiti gündəlik tələbatlara sərf etmirdi. Onun qarşısında tək bir arzu dayanırdı: Şəxsi avtomobilinə sahib olmaq.
Sürücünün ilk böyük avtomobili "Renault 5 GT Turbo" oldu. Löb bu maşını almaq üçün bütün gəlirinin böyük bir qismini xərclədi. Qısa müddət sonra bu sürət həvəsi onun gündəlik həyatında öz təsirini göstərməyə başladı.
Löb avtobioqrafiyasında həmin dövrü belə xatırlayır: "Avtomobilin təkərləri cəmi 2 500 kilometrdən sonra yararsız hala düşür, sürücülük vəsiqəm isə tez-tez polis bölmələrində qalırdı".
21 yaşında ralliyə başladı
Löb peşəkar ralli dünyasına gözlənildiyindən daha gec qədəm qoydu. 21 yaşında "Rallye Jeune" proqramına qatılmaq üçün tələb olunan 100 frankı çətinliklə toplaya bildi. O, regional seçmədə qalib gələrək finala vəsiqə qazandı. Buna baxmayaraq, həlledici mərhələdə birinciliyi əldə edə bilmədi.
1996-cı ildə o, yenidən şansını sınadı. Nəticə yenə də uğursuzluqla bitdi. Lakin Löb təslim olmağı düşünmürdü. Çünki o, bir həqiqəti tam dəqiqliyi ilə dərk etmişdi - onda yüksək sürət potensialı var idi.
Bu yolda qarşısına çıxan yeganə və ən böyük maneə isə maliyyə çatışmazlığı idi.
İlk yarış, ilk qələbə
1997-ci ildə onun həyatını kökündən dəyişdirəcək insanlarla yolları kəsişdi.
Dominik Haynts və Remi Mammosser Löbün daxilindəki potensiala inanaraq, onu "Ambition Sport Auto" komandasına dəvət etdilər. İlk ciddi regional yarışda Löb rəsmi olaraq sükan arxasına keçdi. Nəticə isə heyrətamiz idi. İlk yarış və ilk qələbə.
Komanda rəhbəri Dominik Haynts sonralar sürücü haqqında "O, ya dəlidir, ya da dahi" ifadəsini xüsusi vurğulayırdı.
Löb həmin mövsüm ərzində bir neçə yarışda finiş xəttini birinci keçdi və Fransa rallisində diqqət mərkəzinə düşən perspektivli gənc sürücülərdən biri oldu.

"Citroen" onu kəşf etdi
1999-cu ildə o, ilk dəfə ralli üzrə dünya çempionatında (WRC) debüt etdi.
2000-ci ildə isə Fransa federasiyasının dəstəyi nəticəsində San-Remo və Korsika rallilərində "Toyota Corolla WRC" avtomobilini idarə etdi. Hər iki mərhələdə isə ilk onluqda qərarlaşmağı bacardı.
Eyni ildə "Rallye du Var"da qazandığı zəfər karyerasında mühüm bir dönüş nöqtəsi hesab edildi. "Citroen"in idman rəhbəri Gi Freklen bu gəncin istedadının artıq diqqətdən kənarda qala bilməyəcəyini fərq etdi. Məhz bu məqamdan sonra onun üzünə peşəkar idman karyerasının böyük qapıları açıldı.

2004-cü il - İlk dünya çempionluğu
2001-ci ildə Löb gənclər arasında ralli üzrə dünya çempionatının qalibi oldu.
2002-ci ildə isə WRC-də özünün ilk qələbəsini rəsmiləşdirdi. 2003-cü ildə tam mövsüm çıxış edərək çempionluğu cəmi bir xal fərqi ilə rəqibinə təslim etdi. Ancaq 2004-cü ildə vəziyyət tamamilə dəyişdi. Löb və uzun illər çiyin-çiyinə yarışdığı şturmanı Daniel Elena dünya çempionu adını qazandılar.
Bu, möhtəşəm karyeranın sadəcə ilk titulu idi. Çünki irəlidə idman tarixini yenidən yazacaq inanılmaz bir seriya gözləyirdi.
9 il, 9 dünya çempionluğu
2004-cü ildən 2012-ci ilə qədər olan dövrdə Löb hər il ralli üzrə dünya çempionatında zirvəyə yüksəldi.
Ardıcıl olaraq doqquz dünya çempionluğu əldə edildi. Bu göstərici WRC tarixində bir sürücünün ardıcıl imza atdığı ən uzun çempionluq seriyası kimi tarixə düşdü.
Löb asfalt, çınqıl və qarla örtülü müxtəlif səthlərin hər birində eyni dərəcədə məharətli çıxış edirdi. Onun rəqiblərindən fərqlənən ən əsas üstünlüyü nümayiş etdirdiyi soyuqqanlılıq idi.
Ralli zamanı bir sürücü saniyələr içində həlledici qərarlar qəbul etməli, yüksək sürətlə döngələri keçməli və trası anbaan yaddaşında saxlamalıdır. Löb isə bütün bu mürəkkəb prosesləri sanki gündəlik adi bir iş kimi asanlıqla yerinə yetirirdi.

Rəqəmlərlə Löb
Onun karyerasına sadəcə bir neçə statistik rəqəmlə nəzər yetirmək belə, bu sürücünün necə böyük bir miqyasa sahib olduğunu sübut edir:
9 - Dünya çempionluğu.
80 - WRC mərhələsində qələbə.
120 - WRC podiumu.
939 - Dünya rallisində qazanılan xüsusi mərhələ qələbələri.
2004-2012 - Ardıcıl dünya çempionluğunun əldə edildiyi illər.
2006 - 24 saatlıq Le-Man yarışında ikinci yer.
5 - "Race of Champions" fərdi çempionluğu.
Bütün bu göstəricilər Löbün təkcə rallidə deyil, həmçinin müxtəlif növ avtomobil idmanı yarışlarında da özünü uğurla sınadığının bariz göstəricisidir.
Rallini buraxdı, amma sükanı yox
Löb 2012-ci ilin sonunda tam zamanlı WRC karyerasına nöqtə qoyduğunu elan etdi.
Buna baxmayaraq, o, avtomobil yarışlarından birdəfəlik uzaqlaşmadı. Dövrə yarışlarına keçid edərək, "FIA GT Series"də, Dünya Turinq Avtomobilləri Çempionatında (WTCC) və rallikross yarışlarında aktiv şəkildə iştirak etdi.
Le-Manda keçirilən 24 saatlıq yarışda ikinci pillənin sahibi oldu. Karyerasının davamında isə məşhur "Dakar" rallisində qüvvəsini sınamağa qərar verdi. 2016-cı ildə ilk dəfə "Dakar"da start xəttinə çıxdı və debüt mövsümündə dörd fərqli mərhələdə qələbə qazandı.
2017-ci ildə isə beş mərhələ qalibiyyəti ilə ümumi sıralamada yarışı ikinci pillədə tamamladı. O cümlədən, 2022 və 2023-cü illərdə də "Dakar"ın yekunlarına əsasən fəxri kürsünün ikinci pilləsində yer aldı.

50 yaşında da qazanmağa davam edir
Çempionun karyerasının ən diqqətçəkən tərəflərindən biri də məhz budur. O, zirvəyə yüksəldikdən sonra heç vaxt yerində saymadı.
WRC-dən ayrılaraq fərqli yarışlara üz tutdu, "Dakar"ın ən mürəkkəb mərhələlərində amansız mübarizələr apardı və müxtəlif avtomobillərlə tamamilə yeni idman çağırışlarını qəbul etdi.
O, 2025-ci ildə "Rallye du Maroc"da qalibiyyət sevinci yaşadı. 2026-cı ildə isə növbəti "Dakar" rallisini dördüncü pillədə yekunlaşdırdı.
Gimnastikanın uşağı, rallinin əfsanəsi
Sebastyan Löbün bioqrafiyasında ən maraqlı məqam onun ralli sənətinə uşaq yaşlarından deyil, xeyli gec başlamasıdır.
O, üç yaşında gimnastika salonlarına qədəm qoymuşdu. Daha sonra həyatını elektrik kimi davam etdirdi. 21 yaşına çatanda isə avtomobil idmanına ciddi şəkildə addım atdı və cəmi bir neçə ilin içində dünyanın ən nəhəng avtomobil yarışçılarından birinə çevrilməyi bacardı.
Bu unikal hekayə bir daha sübut edir ki, bəzən insanın həyatdakı əsas təyinatı uşaqlıqda seçdiyi yolla üst-üstə düşmür. Löb rahatlıqla gimnastika sahəsində də böyük çempion ola bilərdi və ya elektrik kimi sıravi bir həyat tərzi sürə bilərdi. Amma o, məhz avtomobilin sükanı arxasına keçdiyi an əsl özünü tapdı.
Elə həmin andan etibarən qarşısında yalnız bir əsas məqsəd qaldı - finiş xəttini hamıdan əvvəl keçmək.
Doqquzqat dünya çempionluğu, 80 WRC qələbəsi və qırdığı saysız-hesabsız rekordlardan sonra Sebastyan Löbün adı təkcə rallinin deyil, qlobal miqyasda bütünlükdə avtomobil idmanının ən böyük əfsanələri siyahısında əbədi olaraq həkk olunub.
