O, "Arsenal"ın əfsanəvi kapitanı, İngiltərə millisinin lideri idi. Rəqiblərin hücumlarını dayandırır, komandasına çətin anlarda yol göstərirdi. Ancaq meydandan kənarda öz həyatına nəzarəti itirmişdi. Toni Adamsın hekayəsi alkoqol asılılığı, çöküş, etiraf və yenidən ayağa qalxmaq haqqındadır. Üstəlik, bu əfsanənin həyatında Azərbaycanın da xüsusi yeri var.
Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə futbol tarixinin ən xarakterik müdafiəçilərindən biri, "Arsenal"ın simvoluna çevrilmiş Toni Adamsdan bəhs edirik.
21 yaşında kapitan oldu
1966-cı il oktyabrın 10-da İngiltərədə anadan olan Toni Adams hələ yeniyetmə yaşlarından "Arsenal"ın formasını geyinirdi. 1983-cü ildə əsas komandada debüt edən müdafiəçi qısa müddətdə London klubunun aparıcı futbolçularından birinə çevrildi.
1988-ci il yanvarın 1-də, cəmi 21 yaşında "Arsenal"ın kapitanı təyin edildi. Beləliklə, o, klub tarixinin ən gənc kapitanı oldu. Bu, sadəcə, ona verilən sarğı deyildi. Adams illər ərzində meydanda intizamın, xarakterin və liderliyin təcəssümünə çevrildi. O, "Arsenal"da 19 ilə yaxın çıxış etdi, 669 matç keçirdi və dörd dəfə İngiltərə çempionu oldu. Maraqlı məqam budur ki, bu çempionluqlar üç fərqli onilliyə təsadüf edirdi. Adams komandanı həm 1989-cu, həm 1991-ci, həm 1998-ci, həm də 2002-ci ildə çempionluğa aparan heyətin kapitanı idi.
İngiltərə millisində də 66 oyun keçirən müdafiəçi ölkəsinin ən tanınmış futbol liderlərindən birinə çevrilmişdi. Kənardan baxanda onun həyatı ideal görünürdü. Lakin bu mənzərənin arxasında getdikcə dərinləşən bir problem vardı.

Meydandakı lider, həyatındakı məğlub
Adamsın alkoqoldan istifadəsi illər ərzində asılılığa çevrilmişdi. Futbol meydanında özünə güvənən, sərt və qətiyyətli görünən müdafiəçi şəxsi həyatında bu mübarizəni uduzurdu.
1990-cı ildə sərxoş vəziyyətdə avtomobil idarə edərkən qəza törətdi. O, avtomobili divara çırpdı və sonradan sərxoş vəziyyətdə sükan arxasına keçdiyini etiraf etdi. Məhkəmə ona dörd ay həbs cəzası verdi. Adams təxminən iki ay həbsdə qaldı.

Bir çoxları bu hadisənin onu dəyişəcəyini düşünə bilərdi. Ancaq həbsxana onun asılılığını aradan qaldırmadı. Adams futbola qayıtdı, yenidən meydanda liderlik etdi, lakin içki ilə mübarizəsi davam etdi.
Bu, hekayənin ən ağrılı tərəflərindən biridir. İnsanın peşəkar həyatda uğur qazanması onun şəxsi problemlərini həll etdiyi demək deyil. Adams minlərlə azarkeşin qarşısında güclü görünə bilirdi, amma öz zəifliyini etiraf etməkdə çətinlik çəkirdi.
Avro-1996-dan sonra 44 günlük çöküş
1996-cı il Adamsın həyatında dönüş nöqtəsi oldu. O, İngiltərə millisinin kapitanı kimi doğma ölkəsində keçirilən Avropa çempionatında iştirak edirdi. İngiltərə yarımfinala qədər irəlilədi, lakin Almaniya ilə qarşılaşmada penaltilər seriyasında mübarizəni dayandırdı. Qaret Sautqeytin penalti zərbəsini dəqiq yerinə yetirə bilmədiyi həmin məğlubiyyətdən sonra Adams yenidən içkiyə qurşandı.
Özünün sonrakı açıqlamalarına görə, bu dövr 44 gün davam edən ağır içki mərhələsinə çevrildi. Adams sonradan bir axşam yeddi şüşə şərab içdiyini və bunun nəticəsində uşaqlarının ondan uzaqlaşdırıldığını bildirib. Artıq məsələ yalnız futbol karyerası deyildi. Ailəsi, sağlamlığı və özünə hörməti də təhlükə altında idi.
İllərlə başqalarına dayaq olan kapitan özü köməyə ehtiyac duyurdu. Amma bunun üçün əvvəlcə həqiqəti qəbul etməli idi.

16 avqust 1996 - hər şeyin dəyişdiyi gün
1996-cı il avqustun 16-da Adams alkoqol asılılığını qəbul edərək içkidən imtina etmək qərarına gəldi. Bu qərar onun üçün sadəcə zərərli vərdişdən uzaqlaşmaq deyildi. Bu, öz həyatını geri qaytarmaq cəhdi idi.
Adams sonralar asılılığından qurtulmaq yolunda ona kömək edən insanların rolunu dəfələrlə vurğulayıb. O, dəstək qruplarına qoşulub, müalicə və bərpa prosesindən keçib.
Bu mübarizə bir gündə başa çatmadı. Əksinə, hər gün yenidən verilən qərarlardan ibarət idi. Ən mühüm məqam isə onun özünü aldatmağı dayandırması idi. Adams artıq problemini gizlətməyə çalışmır, köməyə ehtiyacı olduğunu qəbul edirdi.
Yenidən zirvəyə - iki çempionluq və yeni həyat
Adamsın hekayəsi burada bitmədi. O, alkoqoldan uzaqlaşdıqdan sonra futbola daha güclü şəkildə qayıtdı. 1997/98 mövsümündə "Arsenal" İngiltərə Premyer Liqasının və İngiltərə Kubokunun qalibi oldu. 2001/02 mövsümündə isə London klubu yenidən bu iki titulu qazandı.
Beləliklə, Adams karyerasının son mərhələsində daha iki İngiltərə çempionluğu yaşadı. O, təkcə keçmişin uğurları ilə xatırlanan futbolçu olmadı, həm də həyatının ən çətin dövründən sonra yenidən zirvəyə yüksəlməyin mümkün olduğunu göstərdi.

2000-ci ildə isə başqa bir addım atdı. Adams idman dünyasında alkoqol və digər asılılıqlarla mübarizə aparan insanlara dəstək göstərmək məqsədilə "Sporting Chance" təşkilatını yaratdı. O, öz təcrübəsindən başqalarına kömək etmək üçün istifadə etməyə başladı.
Bir vaxtlar asılılığını gizlədən futbolçu sonradan bu mövzuda açıq danışmağa başladı. Çünki başa düşürdü ki, onun hekayəsi kiminsə yardım istəməsinə səbəb ola bilər.
Toni Adams Azərbaycanda - "Qəbələ"də yeni səhifə
Adamsın futbol həyatının Azərbaycanla bağlı maraqlı bir səhifəsi də var. 2010-cu ilin mayında o, "Qəbələ" klubunun baş məşqçisi təyin edildi. İngiltərə futbolunun əfsanəvi kapitanının Azərbaycana gəlməsi o dövrdə diqqətçəkən hadisələrdən biri idi.
Adams "Qəbələ"də yalnız komandanın nəticələrini yaxşılaşdırmağa deyil, klubun inkişafına və futbol infrastrukturunun qurulmasına da töhfə vermək istəyirdi. O, yerli futbolçuların yetişdirilməsini və klubun uzunmüddətli inkişafını əsas hədəflərdən biri kimi göstərirdi.
İngiltərəli mütəxəssis 2011-ci ilin noyabrında ailə vəziyyətinə görə baş məşqçi vəzifəsindən ayrıldı. Lakin onun "Qəbələ" ilə əlaqəsi bununla bitmədi. Daha sonra klub prezidentinin məsləhətçisi kimi fəaliyyət göstərdi və 2015-ci ilin yanvarında futbol direktoru vəzifəsinə təyin olundu.
Beləliklə, bir vaxtlar "Arsenal"ın müdafiəsində divar rolunu oynayan Adams karyerasının sonrakı mərhələsində Azərbaycan futbolunun inkişafı prosesində də iştirak etdi.

Əsl kapitanlıq nədir?
Toni Adamsın həyatını yalnız qalibiyyətlər və titullarla ölçmək mümkün deyil. Onun hekayəsində həbsxana, asılılıq, ailə problemləri və ağır psixoloji sarsıntılar da var. Ancaq bu hekayənin əsas məqamı məhz həmin çətinliklərdən sonra baş verənlərdir.
O, öz zəifliyini qəbul etdi, kömək istədi, həyatını dəyişdi və qazandığı təcrübəni başqalarına dəstək vermək üçün istifadə etdi.
Meydanda komandasını ayaqda saxlayan kapitan bir vaxtlar öz həyatında mübarizəni uduzurdu. Amma o, bu məğlubiyyətin həyatının son nöqtəsi olmasına imkan vermədi.
Çünki bəzən ən böyük qələbə kuboku başı üzərinə qaldırmaq deyil, özünü yenidən həyata qaytarmaqdır.