Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışlarına start verilib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndi şəhər stadionunda təşkil olunan yarışların bu gün keçirilən təsnifat mərhələsində qadınlar və kişilər üzrə bütün idmançılar fərdi mübarizədə qüvvələrini sınayıblar.
Yüksək nəticə göstərən Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa 1/8 final mərhələsinə yüksəliblər. Bununla yanaşı, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək 1/8 finalda mübarizə aparmaq hüququ qazanıblar. Digər iştirakçımız Zahid Kazımzadə isə fərdi yarışlarda 1/16 final mərhələsində mübarizəni dayandırıb.
Sabah yarışların 2-ci günü baş tutacaq. Gün ərzində 1/8 final, 1/4 final və yarımfinal mərhələləri keçiriləcək.




Rusiya Azərbaycanda keçirilən III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Yaroslav Borisov qılıncoynatmanın sablya növündə birinci olub.
O, finalda həmyerlisi Pyotr Tayçenaçevə qalib gəlib.
Həlledici görüş Borisovun 15:8 hesablı qələbəsi ilə yekunlaşıb.





III MDB Oyunlarında çövkən üzrə daha bir matç keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Türkiyə millisi Qazaxıstana məğlub olub.
Şəki şəhər stadionunda keçirilən görüş Qazaxıstan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Qazaxıstan komandası yarımfinala vəsiqə qazanıb. Daha əvvəl Azərbaycan, Özbəkistan və Qırğızıstan milliləri də yarımfinalda iştirak hüququ əldə ediblər.
Qeyd edək ki çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.
Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində bu gün oktyabrın 2-də kamandan oxatma yarışları başlayıb.
Oxu.Az xəbər verir ki, yarışlar Xankəndi şəhər stadionunda təşkil olunub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, turnirdə yeddi ölkədən 40 idmançı iştirak edir. Yarışlarda Azərbaycan üç oğlan və üç qız olmaqla ümumilikdə altı idmançı ilə təmsil olunur.
Yarışı şəhərin sakinləri, Qarabağ Universitetinin tələbələri, media nümayəndələri izləyirlər.
III MDB Oyunları çərçivəsində daha bir çövkən matçı keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, A qrupunda Qırğızıstan millisi Küveytlə qarşılaşıb.
Şəki şəhər stadionunda keçirilən görüş Qırğızıstan millisi 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, çövkən yarışları oktyabrın 7-də yekunlaşacaq.
III MDB Oyunları çərçivəsində badminton yarışlarının qarışıq komandalar arasında mübarizənin qalibi müəyyənləşib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, finalda Özbəkistan Rusiya ilə qarşılaşıb.
Qəbələ Olimpiya Kompleksində baş tutan görüşdə Rusiya komandası qalib gəlib - 3:0.
Qeyd edək ki, badminton yarışlarına oktyabrın 4-də yekun vurulacaq.
Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar bəlli olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Rusiya yığması kişilərin 4x100 metr məsafəyə qarışıq estafet yarışında qızıl mükafat əldə edib.
Qazaxıstan gümüş, Belarus kollektivi bürünc medala sahib çıxıb.
Son olaraq 4x100 metr məsafəyə qarışıq estafet yarışında (kişi və qadınlar) medalçılar bəlli olub.
Rusiya millisi qızıl, Qazaxıstan gümüş, Özbəkistan bürünc mükafata sahib çıxıb.
Bununla da Azərbaycanda keçirilən III MDB Oyunlarında üzgüçülük yarışlarına yekun vurulub.
Qeyd edək ki, Azərbaycan komandası turniri 13 medalla başa vurub - İki qızıl, beş gümüş, altı bürünc.
Azərbaycan keçirilən III MDB Oyunlarının üzgüçülük növündə sonuncu yarış günü start götürüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qadınların 400 metr məsafəyə qarışıq üzmə yarışında mükafatçılar müəyyənləşib.
Rusiyalı Anastasiya Çernışova qızıl, qazaxıstanlı Taisiya Korotkova gümüş, Belarusdan olan Kseniya Mastoviç bürünc mükafat əldə edib.
III MDB Oyunlarının yeddinci günündə səkkiz idman növü üzrə yarışlar baş tutacaq.
Oxu.Az yarışların mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, Gəncə İdman Sarayında üzgüçülük yarışlarında sonuncu medalçıların adlarına aydınlıq gələcək. Həmçinin bu gün burada qılıncoynatma yarışı start götürəcək.
Bundan başqa, idman arenasında voleybol üzrə oyunlar keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi Özbəkistanla, Belarus isə Qırğızıstanla qarşılaşacaq.
Şəkidə şəhər stadionunda çövkən üzrə yarışlar davam edəcək. Qırğızıstan millisi Küveytlə, Qazaxıstan isə Türkiyə ilə üz-üzə gələcək.
Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarının yarımfinal qarşılaşmaları baş tutacaq.
Qəbələ Olimpiya İdman Kompleksində badminton üzrə qarışıq komanda növündə final görüşündə Özbəkistan Rusiya ilə münasibətlərə aydınlıq gətirəcək.
Batut gimnastları Şəki Olimpiya İdman Kompleksində təsnifat və finallarda özlərini sınayacaqlar.
Xankəndi şəhər stadionunda isə kamandan oxatma yarışlarına start veriləcək.