Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov Bakıda keçirilən şahmat üzrə dünya kuboku yarışlarının birinci mərhələsində qalib gəliblər.
Oxu.Az xəbər verir ki, Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov 1,5:0,5 hesabı ilə İran şahmatçısı Pouya İdani üzərində qələbə qazanıb. Rauf Məmmədov isə eyni hesabla rusiyalı rəqibi Yevgeni Nayeri məğlubiyyətə uğradıb. Şəhriyar Məmmədyarovun növbəti rəqibi sentyabrın 13-də tay-breyk oyununda məlum olacaq. Rauf Məmmədov isə İtaliya qrossmeysteri Fabiano Karuana ilə qarşılaşacaq.
Sentyabrın 13-də iki əsas partiyadan sonra hesabı bərabər olan matçlarda tay-breyk oyunları keçiriləcək. Tay-breyk oyununda Azərbaycan şahmatçılarından Teymur Rəcəbov, Eltac Səfərli və Qədir Hüseynov iştirak edəcəklər. Teymur Rəcəbli Samuel Sevian (ABŞ), Eltac Səfərli Çaba Baloq (Macarıstan), Qədir Hüseynov Maksim Matlakov (Rusiya) ilə heç-heçə oynayıblar.
Azərbaycanın daha bir təmsilçisi Vasif Durarbəyli Vyetnam şahmatçısı Le Kuanq Liyemə 0,5:1,5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.