Azərbaycanın tanınmış paralimpiyaçı cüdoçusu İlham Zəkiyev (90 kq-dan çox) Avropa Oyunlarının qalibi oldu.
Oxu.Az xəbər verir ki, finalda o, ukraynalı Aleksandr Pominova qalib gələrək, öz çoxsaylı titullarına Avropa Oyunlarının qızıl medalını da əlavə edib.
Ondan əvvəl isə Klimis Papaxristosa qalib gələn Zakir Mislimov bürünc medal, Səbinə Abdullayeva (57 kq) isə gümüş medal qazanmışdı.
Hazırda Azərbaycan 18 qızıl, 14 gümüş və 20 bürünc medalla ikinci yerdə qərarlaşıb.
F.H.
17:27
Bu gün Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların yarışında təmsilçimiz finala vəsiqə əldə edib.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəkidəki yarışında cəmi 7 idmançı iştirak etdiyindən cüdoçular mübarizəyə birbaşa 1/4 final mərhələsindən qoşulublar.
Ölkəmizi kişilərin yarışında təmsil edən iki idmançıdıan biri - 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İlham Zəkiyev isə mübarizəyə birbaşa yarımfinaldan qatılıb.
O, yarımfinalda Yunanıstan təmsilçisi Klimiz Papaxristos ilə qarşılaşıb. Adlı-sanlı paracüdoçumuz rəqibinə heç bir dəqiqə də tamami üzərində qalmaq şansı verməyib. Paracüdoçumuz azarkeşlərin gur alqış sədaları altında yunan idmançını saxlama (asai-komi) fəndinə salıb və vaxtından əvvəl qalib gələrək adını yarışların finalına yazdırıb.
İlhamın finaldakı rəqibi Aleksandr Pominov olacaq.