Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi 1-ci Avropa Oyunlarının Yunanıstan və Finlandiyada nümayiş etdirilməsini təmin etmək üçün yayım sazişlərinə imza atıb.
Oxu.Az-ın məlumatına görə, Yunanıstanda əsas ictimai yayım təminatçısı olan NERIT televiziya və onlayn platformaları vasitəsilə birinci Avropa Oyunlarının gündəlik olaraq canlı yayımını təmin edəcək, möhtəşəm Açılış və Bağlanış Mərasimlərini yayımlayacaq.
Finlandiyanın ödənişsiz milli yayım şirkəti olan Yle Açılış və Bağlanış Mərasimlərinin, gündəlik olaraq yarışların canlı yayımını təmin edəcək və yarışların ən parlaq məqamlarından ibarət video materialları nümayiş etdirəcək. Sözügedən stansiya yerli yayım şirkəti olan International Sports Broadcasting-in vebsayt və rəqəmsal platformaları vasitəsilə də Oyunların 800 saatlıq canlı yayımını təmin edəcək.
NERIT şirkətinin Baş Direktoru Piter Mais söyləyib: “Qədim Olimpiya Oyunlarının vətəni sayılan Yunanıstan dünyada tanınan və dəyər verilən zəngin idman tarixinə malikdir. Birinci Avropa Oyunları Avropanın idman tarixində mühüm məqamdır və biz Oyunları ölkədə yayımlayacağımız üçün böyük fəxr hissi duyuruq”.
Yle şirkətinin İdman hüquqları və Tərəfdaşlar üzrə Meneceri Robert Portman əlavə edib: “Bakı 2015 Avropa Oyunlarının Finlandiyada yayımlanması ölkədəki milyonlarla insanın öz sevimli idmançılarının çıxışlarını izləmələrinə imkan yaradacaq. Birinci Avropa Oyunları gözəl şəhərdə qeyd olunan möhtəşəm idman bayramı olacaq və biz 17 günlük maraqlı yarışları səbirsizliklə gözləyirik.”