Bu gün “Evdə qal, idmansız qalma” telelayihəsi çərçivəsində əla bir ailə portreti nümayiş etdirilib.
Oxu.Az xəbər verir ki, Moskvada yaşayan qılıncoynatma üzrə azərbaycanlı ikiqat olimpiya və dünya çempionu, dörd dəfə Avropa Kubokunun sahibi, hazırda Rusiya millisinin baş məşqçisi İlqar Məmmədov telelayihədə qonaq qismində çıxış edib.
Ona həyat yoldaşı, Azərbaycan adından qılıncoynatmada iki dəfə dünya və Avropa çempionu olmuş, iki dəfə Dünya Kubokuna sahib çıxmış Yelena Jemayeva və 15 yaşlı qızları Ayla da qoşulub.
Veriliş əsnasında İlqar Məmmədov üç qardaş birgə Aleksandr Dümanın “Üç muşketyor” romanının qəhrəmanları kimi qılıncoynatma ilə məşğul olduqlarını, özünün Portos obrazına bənzədiyini bildirib. O, ataları, qılıncoynatma üzrə millimizin sabiq baş məşqçisi, Azərbaycan Qılıncoynatma Federasiyasının sabiq vitse-prezidenti Yaşar Məmmədovun isə “D'Artanyan” olduğunu qeyd edib.

Səbuhi Musayev