“Gələn il Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarının tarixinin dəyişdiriləcəyi gözlənilir. Buna səbəb onun Paralimpiya Oyunları ilə üst-üstə düşməsi ola bilər”.
Bunu Oxu.Az-a Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib. O bildirib ki, 2021-ci ilin 20-29 avqust tarixlərində keçirilməsi nəzərdə tutulmuş V İslam Həmrəylik Oyunlarına paralimpiya növləri də salınıb:
“Bunlar atletika, üzgüçülük, kamandan oxatma və stolüstü tennisdir. Boççia Olimpiya idman növü kimi ilkin proqramda var. Danışıqlar aparırıq ki, bu idman növü və eyni zamanda cudo da paralimpiyaçılar üçün də olsun”.
İlqar Rəhimov ilkin proqramına 21 idman növünün daxil edildiyi V İslam Həmrəylik Oyunlarının vaxtının dəyişdiriləcəyini güman etdiyini bildirib:
“İstənilən halda, bu məsələyə baxılacaq. Çünki gələn il Tokio Olimpiya Oyunları başa çatan kimi bu yarışın dərhal başlaması inandırıcı deyil. Ona görə də hələ İslamiadanın yeni vaxtı və dəqiq proqramı bilinmir”.
Yeri gəlmişkən Azərbaycan paralimpiyaçıları IV İslam Həmrəyliyi Oyunlarında cüdo və atletika idman növlərində 12 qızıl, 6 gümüş, 10 bürünc olmaqla ümumi 28 medal qazanıb.
Qeyd edək ki, V İslam Həmrəylik Oyunlarının meydan sahibi kimi Türkiyə olması 2017-ci ilin aprelin 6-da Bakıda keçirilən iclasda təsdiqlənib. İslam Həmrəyliyi Oyunları Federasiyasının İdarə Heyətinin XXV iclasında meydan sahibi kimi İstanbul təsdiqlənsə də, ötən ilin dekabrında şəhər olaraq hüquq Konyaya verilib.