FIFA prezidenti Canni İnfantino dünya çempionatının iştirakçı sayının artırılması ideyasından geri çəkilib.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti yazıb.
Məlumata görə, o, turnirin keçirilmə hüquqlarının bir hissəsinin satılması planı ətrafında yaranan qalmaqaldan sonra üzərindəki təzyiqi azaltmaq üçün belə qərar verib. Bildirilir ki, İnfantino yenidən FIFA prezidenti seçiləcəyi təqdirdə həm milli komandalar, həm də klublar arasında dünya çempionatlarının genişləndirilməsində israr etməyəcək.
Qeyd edək ki, avqust ayında "The Times" İnfantinonun Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) 2030-cu il dünya çempionatında iştirakçı sayının 64-ə çatdırılması təklifini dəstəklədiyini yazmışdı. İddialara görə, FIFA rəhbəri daha çox ölkənin dəstəyini qazanmaq və seçkidə mövqeyini möhkəmləndirmək məqsədi güdürdü.
2026-cı il dünya çempionatından sonra İnfantinonun FIFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək ayrıca şirkət yaratmaq istədiyi barədə məlumat yayılıb. "FIFA Forward Enterprise" adlandırılması nəzərdə tutulan layihənin üzv assosiasiyaların gəlirlərini artıracağı və dünya futbolunun inkişafına töhfə verəcəyi bildirilirdi. FIFA bu təşəbbüsün 4.2 milyard dollar gəlir gətirə biləcəyini açıqlamışdı.
Lakin təklif bir sıra futbol qurumlarının ciddi etirazı ilə qarşılaşıb. UEFA, CONCACAF, Asiya Futbol Konfederasiyası (AFC) və CONMEBOL layihəyə qarşı çıxıblar. UEFA hətta FIFA-nın təşkil etdiyi turnirləri boykot edə biləcəyini bəyan edib. İnfantinonun layihədən imtina etməsindən sonra isə Avropa futbol qurumu FIFA prezidentinə etimadın azaldığını vurğulayıb. İnfantino könüllü şəkildə vəzifəsindən getməsə, UEFA ona etimadsızlıq göstərilməsi məsələsini gündəmə gətirə bilər.
Növbəti FIFA prezident seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək.
Xatırladaq ki, İnfantino 2016-cı ilin fevralında qurumun növbədənkənar konqresində prezident seçilib, daha sonra isə iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəni tutub.