Bakının “İnter” klubunun gürcü futbolçusu Laşa Salukvadze artıq dörd ildir ki, Rusiyanın “Volqa” klubundan ona düşən pulu ala bilmir.
“Biz müvafiq orqanlara, FİFA və UEFA-ya ərizə yazdıq. İş udulub, amma araşdırmalar hələ də davam edir. Qələbə mənim olmalıdır, çünki hər şey qanunidir. Biz klubun qərarını, onun necə davranacağını gözləyirik. Rəsmi olaraq bütün sənədlərlə haqlı olduğum təsdiqlənib.
“Volqa”nın futbolçularından və mətbuatdan klubun böyük maliyyə çətinlikləri olduğunu bilirəm. Mənim, eləcə də klub ilə müqaviləsi olan digər futbolçuların da bizə düşən pulu almayacağımıza dair ehtimal mövcuddur.
Problem ondadır ki, klubları idarə edənlərin səhvləri, bacarıqsızlığı və ya pul qazanmaq istəməmələri, eləcə də yaranmış borclar üçün personal məsuliyyəti nəzərə alınmayıb.
Nəyə görə bu səhvlər ucbatından bütün öhdəliklərini yerinə yetirən futbolçular və ya personal zərər görməlidir? Biz artıq heç nə istəmirik, sadəcə imzalanan müqavilələr üzrə bizə düşəni istəyirik.
Klub rəhbərliyi öz vəzifəsini yerinə yetirməlidir, borclar yığılır, klubu bağlayır, səhərisi gün isə yeni klub açır, yeni klubun isə formal olaraq köhnəyə heç bir aidiyyatı olmur, heç bir borc ödənilmir, həmin adamlar yenə də rəhbərlik edir, amma artıq yeni kluba.
Mənim razılaşmam FİFA-nın nümunəsi üzrədir. Müqavilə üç il üçün nəzərdə tutulmuşdu, qarşılıqlı razılıq olmadan pozuldu. Məni kobudcasına desəm, “Volqa”dan qovdular, rəhbərlik müqaviləni özü pozub. Mənə sadəcə daha komandada olmadığımı söylədilər. Pul haqqında isə söhbət getmirdi. Hətta o zaman ayağımda edilən əməliyyatın ödənişindən belə danışılmadı. Bunu indi yada salmağa dəyməz, çoxdan olan və xoşagəlməz hadisədir.
Mən uzun müddət Rusiyada oynamışam, bu qəbildən olan şeyləri dəfələrlə görmüşəm, amma heç vaxt düşünmürdüm ki, bu, mənim və dostlarımın başına gələ bilər. Bu, çox ciddi məsələdir, futbolçular bu gün bu məsələdə tamamən müdafiəsizdirlər. Rusiya Futbol İttifaqı bu qəbildən olan məsələlər ilə məşğul olmalı, bu təcrübənin birdəfəlik qarşısını almalıdır.
Amma təəssüf ki, bu, yalnız Rusiyada deyil, eyni şey Gürcüstanda da, hətta indi “İnter” komandası üçün oynadığım Azərbaycanda da baş verir. Amma belə izahatsız qovulmaq...
Mən komandada böhran olanda bir qədər dözməyi, səbir etməyi xahiş edəndə başa düşürəm. Lap bir il belə olsun, amma “Volqa”da belə olmadı”.
Qeyd edək ki, “Volqa”dan sonra Salukvadze Gürcüstanın “Dila”, daha sonra Rusiyanın “SKA-Energiya” komandasına keçib. 2013-cü ildə gürcü futbolçu indiyə qədər oynadığı “İnter” komandasına keçib.
F.H.
www.oxu.az