İordaniya Futbol Assosiasiyasının (JFA) prezidenti şahzadə Əli bin Əl-Hüseyn FIFA-nın rəhbəri Canni İnfantinonu şantajda ittiham edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
İordaniyalı şahzadənin sözlərinə görə, FIFA İordaniya federasiyasının üzləşdiyi bir sıra problemlərin həllinə kömək etməkdən imtina edib və yalnız İnfantinonun yenidən seçilməsi kampaniyasına dəstək verəcəkləri halda yardım göstərə biləcəklərini bildirib.
JFA rəhbəri paylaşımında ölkəsinin 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında debütü zamanı qarşılaşdığı bir neçə problemi sadalayıb. Onun qeyd etdiyi ilk məsələ azarkeşlər üçün vizaların alınması olub. Şahzadə bildirib ki, biletləri olmasına baxmayaraq, bütün azarkeşlərə viza verilməyib və onun sözlərinə görə, biletlər yüksək qiymətə satılıb.
İkinci problem kimi ABŞ hökumətinin FIFA vasitəsilə tətbiq etdiyi vergi ödənişlərini göstərib. O bildirib ki, bu vəsaitlər əslində futbolçulara və heyətə çatmalı idi, lakin vergiyə yönəldilib. Şahzadənin sözlərinə görə, Kanada və Meksikada məskunlaşan komandalar belə xərclərlə üzləşməyib, lakin İordaniya komandası ABŞ-də olduğu üçün əlavə maliyyə yükü daşımalı olub.
Əli bin Əl-Hüseyn üçüncü problem kimi 2025-ci ildə Qətərdə keçirilən Ərəb Millətlər Kubokunda əldə olunan mükafat pullarının gecikdirilməsini qeyd edib. Həmin turnirin finalında Mərakeş yığması əlavə vaxtda İordaniyanı 3:2 hesabı ilə məğlub edib. Şahzadənin sözlərinə görə, federasiya dekabr ayından bəri mükafat pulunu gözləyir, lakin hələ də ödəniş həyata keçirilməyib.
"Bir neçə ay ərzində FIFA bu məsələlərin hər birində bizə kömək etməkdən imtina etdi. Dünya çempionatı zamanı mənə şifahi şəkildə bildirildi ki, İnfantinonu dəstəkləməyim federasiyamıza böyük kömək edə bilər. İordaniyada biz etik dəyərlərimizlə fəxr edirik. Biz əvvəllər onu dəstəkləməmişik və əlbəttə ki, indi də dəstəkləməyəcəyik. Bu vəziyyət şantajdan başqa bir şey deyil və biz buna boyun əyməyəcəyik", - deyə şahzadə yazıb.
Onun açıqlaması FIFA prezidenti üzərində artan təzyiqlər fonunda səslənib. Buna səbəb federasiyanın "FIFA Forward Enterprise" proqramını həyata keçirmək cəhdi olub. Bu proqram FIFA-nın səhmlərinin özəl investorlara satılmasını nəzərdə tuturdu.
Qeyd edək ki, Əli bin Əl-Hüseyn daha əvvəl də FIFA prezidentliyi uğrunda mübarizə aparıb. 2016-cı ildə keçirilən seçkidə o, İnfantinoya uduzub.
FIFA prezidentliyinə seçki 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək.