2012-ci ildə təsis olunan Azərbaycan Qolf Federasiyası qolfun ölkəmizdə populyarlıq qazanması üçün əməli tədbirlərini davam etdirir.
Oxu.Az xəbər verir ki, İtaliya Qolf Federasiyasının vitse-prezidenti, “Della Montekia” qolf klubunun sahibi Paolo Kasati Azərbaycan Qolf Federasiyası ilə tanışlıq üçün Bakıya səfər edib.
Səfər çərçivəsində Paolo Kasati Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov ilə də görüşüb.
İtaliya Qolf Federasiyasının vitse-prezidenti səfərlə bağlı öz fikirlərini də bölüşüb:
“Səfərimdə əsas məqsəd Azərbaycan Qolf Federasiyası ilə yaxından tanış olmaqdır. Qolf ölkənizdə yeni idman növü olsa da yerli Federasiya çox böyük işlər görüb. İnfrastruktur yaradılıb, yeniyetmə və gənclərin qolfla məşğul olmaları üçün Akademiya təsis olunub.
Əməkdaşlığımızın bir neçə istiqamətləri olacaq. Birgə treyninqlər keçiriləcək, gələcəkdə istər həvəskar, istərsə də peşəkar qolf turnirləri təşkil edəcəyik. Bir sözlə Azərbaycan Qolf Federasiyasının dünya qolf ailəsinə inteqrasiyası üçün hər cür şərait var. Demək istərdim ki, yaxın illərdə Azərbaycan artıq qolf ölkəsi olacaq”.
Qeyd edək ki, Azərbaycan Qolf Federasiyasının əsas məqsədi növünün kütləviliyini təmin etmək və 2016-cı ildə Braziliyanın Rio De Janeyro şəhərinin ev sahiblik edəcəyi Yay Olimpiya Oyunlarında Azərbaycan təmsilçisinin iştirak etmək də hədəflərdən biridir.
Ölkəmizdə yeni idman növü olmasına baxmayaraq artıq qolfa maraq artmaqdadır. Azərbaycan Qolf Federasiyası dünya qolf ailəsinə inteqrasiyası üçün beynəlxalq əlaqələrini gücləndirir.
Aytən Sadıqzadə
www.oxu.az