İtaliya Superkubokunun final oyununda “Napoli” “İnter”lə qarşılaşıb.
Komandalar “Əl Avval Park” stadionunda (Ər-Riyad, Səudiyyə Ərəbistanı) üz-üzə gəliblər.
Matçın 60-cı dəqiqəsində ikinci sarı vərəqə alan Simione meydandan qovularaq neapolluları azlıqda qoyub. Rəqib komanda isə say üstünlüyündən yalnız əlavə olunmuş dəqiqələrdə istifadə edə bilib. Martinez 90+1-ci dəqiqədə “İnter”in qələbə qolunu vurub – 0:1.
Maraqlıdır ki, cəmi bir qolun vurulduğu matçda 11 sarı vərəqə göstərilib.
Qeyd edək ki, “İnter” ardıcıl üçüncü, tarixində isə səkkizinci dəfə İtaliya Superkubokunu qazanaraq titulların sayına görə “Milan”ı (yeddi) geridə qoyub. Turnirdə qələbə rekordçusu isə kuboku doqquz dəfə qazanan “Yuventus”dur.