"Bizim "Qarabağ"la oynamaq üçün böyük şansımız var. Amma əvvəlcə "Ludoqorets"lə oyun barədə düşünməliyik".
Oxu.Az xəbər verir ki, bunu Futbolinfo.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu, hazırda Macarıstanın "Ferentsvaroş" klubunda çıxış edən Julio Romao deyib.
Braziliyalı Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın potensial rəqibi ola bilmələrindən danışıb:
"Bizi Bolqarıstan klubu ilə çətin oyun gözləyir. Səfərdə 0:0 etmişik, ikinci matçımızı evdə keçirəcəyik. Əvvəlcə onları məğlub etməyə çalışacağıq. Ondan sonra "Qarabağ" haqqında düşünə bilərik".
"Qarabağ"la üz-üzə gəlsəniz, buna sevinəcəksən?" sualına isə Romao belə cavab verib:
"Əvvəlcə "Ludoqorets"i məğlub etməliyik ki, mən bu barədə düşünə biləm. Çünki bizi ağır matç gözləyir. İndi bütün fikrim ordadır".
Yarımmüdafiəçi Ağdam klubunun Çempionlar Liqasında indiyə qədər keçirdiyi oyunları izlədiyini bildirib: "Qarabağ"ın oyunlarına baxmışam. Həmişəki kimi yaxşı komandadırlar, Çempionlar Liqasında necə oynayacaqlarını bilirlər. Ona görə də nəticə qazanmağı bacarırlar".