Xorvatiyanın Poreç şəhərində keçirilən 56-cı Avropa çempionatının son günündə karatenin kumite növü üzrə kişilərdən ibarət millimiz daha bir medal qazanıb.
Oxu.Az-ın xəbərinə görə, Rafael Ağayev, Turqut Həsənov, Ayxan Mamayev, Rafiz Həsənov, Asiman Qurbanlıdan ibarət komandamız bürünc medal uğrunda görüşdə Rusiya millisinə qalib gələrək altıncı dəfə Avropanın bürünc medalını qazanıb.
Bu nəticə ilə Azərbaycan yarışı dörd medalla başa vurub. Millimizin bürünc medalından başqa, Rafael Ağayev (-75 kq) və Pənah Abdullayev (-84 kq) gümüş, İrina Zaretskaya (-68 kq) qızıl medal qazanıb. Bu nəticə ilə Azərbaycan Avropanın dördüncü ən yaxşı nəticə göstərən ölkəsi olub. Ən yüksək nəticəni isə Türkiyə göstərib: altı qızıl, iki gümüş və bir bürünc medal.
Onu da xatırladaq ki, eyni zamanda keçirilən parakarate üzrə 3-cü Avropa çempionatında Azərbaycan idmançıları üç medal qazanıb. Emiliya Mitlinova qızıl, Sahib Əhədov və Eldar Əhmədov bürünc medal qazanıb.
Bu nəticə ilə Azərbaycan üçüncü olub. Birinci yeri isə beş qızıl və iki gümüş medal qazanmış İspaniya tutub.
Səbuhi Musayev