"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldonun iştirakı ilə hazırlanacaq "Day 1s" serialının çəkilişlərinə başlanılıb.
Oxu.Az xəbər verir ki, 41 yaşlı portuqaliyalı futbolçu bu barədə "Instagram" hesabında paylaşım edib.
O, çəkiliş meydançasından görüntüləri, eləcə də layihənin prodüseri Metyu Vonla birgə fotosunu yayımlayıb. Serial Britaniya futbolunun pərdəarxası dünyasından bəhs edəcək. Süjetin mərkəzində uydurma futbol agenti Stenli Dalton dayanır. Bu obrazı "Homeland" və "Billions" serialları ilə tanınan aktyor Demiyen Lyuis canlandıracaq.
Layihənin aktyor heyətində Fransanın sabiq futbolçusu Tyerri Anri və britaniyalı reper Deyv də yer alacaq. Ronaldu isə Metyu Vonla birlikdə yaratdığı "UR-Marv Studios" vasitəsilə serialın icraçı prodüseri olacaq. Portuqaliyalı ulduz ekran əsərində aktyor kimi də çıxış edəcək.
Qeyd edək ki, "Day 1s" serialının yayım tarixi və hansı platformada nümayiş olunacağı açıqlanmayıb.