İsveçrənin Sankt Morits şəhərində XXXVII qarüstü polo üzrə Dünya Kubokuna yekun vurulub.
Azərbaycan Atçılıq Federasiyasının (ARAF) verdiyi məlumata əsasən, 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə Azərbaycanı “Land of Fire” təmsil edib. Yanvarın 27-də start götürən yarışda komandamız final matçına çıxıb.
Öncəki 2 matçda “Perye Juet” və “Badruts Palas” kollektivlərini məğlub edən “Land of Fire” həlledici qarşılaşmada “Klinik La Prayri” ilə üz-üzə gəlib. Oyunu Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev də canlı izləyib. Reqlamentə uyğun şəkildə oyuna yarım xal fərqlə rəqib komanda öndə başlayıb. Lakin prinsipial matçda bütün komponentlərdə rəqibini üstələyən "Land Of Fire" görüşdən 6:2,5 xal hesabı ilə qalib ayrılıb.
Beləliklə, azərbaycanlı poloçular ilk dəfə Sankt Morits qarüstü polo üzrə dünya çempionu adına sahib çıxıb. Görüşün ardınca komandamıza kubok və hədiyyələr təqdim edilib. Komandamızın heyətində 4 idmançı yer alıb. Onlardan Elçin Camallı kapitandır, Tito Qaudenzi, Adrian Laplaset və Raul Laplaset "Lans df Fire"nin üzvləridir.