Hindistanın Kəlkətə şəhərində polis argentinalı futbolçu Lionel Messinin iştirak etdiyi və azarkeşlər tərəfindən iğtişaşlarla nəticələnən tədbirin təşkilatçısını saxlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, şəhərin polis baş müfəttişi Raciv Kumar onun həbs olunduğunu açıqlayıb.
"Əsas təşkilatçı Satadra Duttanı saxladıq. Bu tədbirin düzgün təşkil edilməməsinin cəzasız qalmaması üçün tədbirlər görürük", - deyə o bildirib.
Kumarın sözlərinə görə, təşkilatçı satılan biletlərin pulunu geri qaytarmaq barədə yazılı öhdəlik götürüb.
"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi Hindistanın Kəlkətə şəhərində onun şərəfinə ucaldılan heykəlinin açılışı üçün komanda yoldaşları Luis Suares və Rodriqo De Paulla birlikdə Hindistana səfər edib.
Oxu.Az Hindistan mediasına istinadən xəbər verir ki, futbol əfsanəsi hava limanında izdihamla qarşılanıb.
Azarkeşlərlə görüşmək üçün Kəlkətədəki "Salt Lake" stadionuna gələn Messi xaosa səbəb olub. Məlumata görə, biletlər üçün yüksək qiymət ödəyən azarkeşlər futbol ikonunu şəxsən görməyə can atıblar. Klub rəsmiləri, təhlükəsizlik işçiləri və media işçilərindən ibarət sıx bir halqanın Messi, Suares və de Paulu əhatəyə alması azarkeşlərin oyunçuları aydın görməsində çətinlik çəkməsinə səbəb olub. Oyunçular bu vəziyyətdən narahat olublar və meydanı planlaşdırılandan daha tez tərk ediblər.
Azarkeşlər pis idarəetmə və həddindən artıq sıxlıq şəraitində Messinin qısa 5-10 dəqiqəlik çıxışından məyus olaraq, barrikadaları qırıb, stadiona stullar, butulkalar atıblar və etiraz ediblər. Xəsarət alanlar barədə məlumat verilməyib.