Dünən qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV tura start verilib.
Oxu.Az xəbər verir ki, turun açılış matçında son ölkə çempionu “Rabitə” “Lokomotiv”lə üz-üzə gəlib.
“Rabitə” liderlik savaşında tay-brekdə uduzaraq, “Lokomotiv”in qələbə seriyasını qıra bilməyiblər.
Turun mərkəzi görüşü “Lokomotiv”-in üstünlüyü ilə başlayıb. Onlar bu üstünlüyü sonadək qoruyaraq, birinci seti 3 xal irəlidə bitiriblər.
Daha sonra meydanda olduğu kimi komandaların da oyununda dəyişiklik olub. Bu dəfə “Rabitə” təşəbbüsə yiyələnərək, status-kvonu bərpa edib – 1:1.
Üçüncü hissədə öndə olan “dəmiryolçular” rəqibin irəli keçməsinə imkan verməyiblər.
Azarkeşlərinin çılğın dəstəyini hiss edən komanda yenidən hesabda önə keçib – 2:1.
Bununla “Rabitə” 1 xal itirsə də, oyunun axarını dəyişməyə çalışıb. Brdjoviçin taktiki gedişləri yalnız IV hissədə köməklərinə gəlib. Onlar növbəti dəfə hesabı bərabərləşdirsələr də (2:2), bunun ardını gətirə bilməyiblər.
“Lokomotiv” təcrübəli oyunçuların sayəsində matçın axarını öz xeyrinə dəyişib. Onlar 15:13 hesabı ilə qalib gələrək, 4-cü oyunlarını da qələbə ilə bitiriblər.
Beləliklə, rəqiblərindən 1 oyun çox keçirərək, I dövrədə uduzmayan “dəmiryolçular” turnir cədvəlində liderliyini qoruyublar. “Rabitə” ikinci, “Azəryol” üçüncü yerdədir. Bu 2 klubdan biri xal itirəcəyi halda, “Lokomotiv” ikinci dövrəyə də lider kimi başlayacaq.
21 noyabr
IV tur
“Lokomotiv” – “Rabitə” - 3:2 (25:22; 18:25; 25:23, 21:25, 15:13)