"Barselona" və "Real Madrid"in keçmiş hücumçusu Luiş Fiqu Canni İnfantinonun FIFA prezidenti postunu tərk etməli olduğunu bildirib.
Oxu.Az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir.
"İnfantino ucaltmağa söz verdiyi FIFA prezidenti postunu alçaldıb. O, yalan danışdı, aldatdı və xidmət etməli olduğu oyunun hesabına öz cibini doldurmağa çalışdı. Mən bütün ömrüm boyu futbolu sevmişəm, 20 il peşəkar oyunçu olmuşam. İnanın ki, bu oyunda keçirdiyim müddət ərzində çoxlu əclaflarla rastlaşmışam. Lakin son on gündə nümayiş etdirilən bu davranış gördüyüm ən alçaq, ən yalançı, qorxaq və acgöz davranışdır. Belə bir addıma qadir olan - sırf özünün və dostlarının zənginləşməsi naminə bu cür ciddi dəyişiklikləri həyata keçirməyə çalışan adam bu oyunun keçmişinin qalığıdır və onun gələcəyində yeri olmamalıdır", - deyə Fiqu vurğulayıb.
Xatırladaq ki, daha əvvəl FIFA yeni kommersiya qurumundakı payının özəl investorlara satılması yolu ilə 4,2 milyard dollar cəlb etmək niyyətində olduğunu açıqlamışdı. Təşəbbüs futbol təşkilatları tərəfindən tənqid olunduqdan sonra FIFA layihənin icrasından imtina edib.
"The Times" qəzetinin məlumatına görə, İnfantino dünya çempionatları da daxil olmaqla, turnirlərin hüquqlarının satılması layihəsindən ildə 30 milyon avro qazanmağı planlaşdırırdı.