Polşanın “Leqiya” klubunda çıxış edən futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli klubun rəsmi saytına müsahibə verib.
Qeyd edək ki, bu gün Avropa Liqasının II turunda “Leqiya” Varşavada İngiltərənin “Lester” klubunu qəbul edəcək.
Oyun Bakı vaxtı ilə saat 20:45-da başlanacaq. Bu oyunda “Leqiya” klubunun əsas qol silahlarından biri məhz həmyerlimiz Mahir Emrelidir.
Müsahibənin əvvəlində müəllif qeyd edir ki, Mahirin cəmi dörd ay ərzində “Leqiya” klubuna tam adaptasiya ola bilib.
Qeyd olunur ki, futbolçumuz meydanda göstərdiyi oyunu ilə öz istedadını sübüt edə bilib, həmçinin klubun çəkdiyi qısametrajlı filmlərdə Mahir gülərüzlüyü və həyatsevərliyi seçilir.
Suallara cavab verən futbolçumuz isə bildirib ki, “Leqiya”dakı karyerası onun futbolçu həyatında çox vacib mərhələlərdən biridir və gələcəkdə daha böyük yerlərdə olmağı xəyal edir.
Mahir Qurban Qurbanovun onun şəxsi keyfiyyətlərinin yaxşıya doğru dəyişməsini və futbol həyatında oynadığı vacib rolu xüsusi qeyd edib.
Futbolçumuz vurğulayıb ki, nə qədər yüksək uğurlar qazanmağından asılı olmayaraq, “Qarabağın” baş məşqçisi ona təvazökar olmağı aşılaya bilib.
“Bu gün “Leqiya”da olarkən bunun bəhrəsini görə bilirəm. Düşünürəm ki, kənardakı insanlar da buna xüsusi diqqət edirlər, təvazökar olduğunuz zaman ətrafınızdakılar sizə fərqli davranırlar. Onun məsləhətlərini həyata keçirmək qərarına gəldim və özümü günü-gündən daha xoşbəxt hiss etməyə başladım”, – deyə M.Emreli bildirib.
M.Emreli ailəsindən, xüsusən anasından gördüyü dəstəyin də futbolçu karyerasında ona çox kömək etdiyini bildirib.
“24 yaşım var, yetkin insanam, amma anam danışanda həmişə onu diqqətlə dinləyirəm. Bu həm də gəldiyim cəmiyyətin mentaliteti ilə bağlıdır. Analar bizim müdirlərimizdir (gülür). Onları dinləyirik, qayğı göstəririk və onlar üçün əlimizdən gələni edirik”.
Milli komandamızın futbolçusu “Lester”ə qarşı gözlənilən oyun barədə də fikirlərini bildirib.
Futbolçumuz qeyd edib ki, onlar bütün klublara qarşı ciddi hazırlaşırlar və qarşılaşacaqları komandanın adının heç bir əhəmiyyəti yoxdur.
“Meydana çıxıb oyundan zövq almalısan. Qarşımızda 90 dəqiqə zaman var və bundan maksimum yararlanmaq lazımdır. Premyer Liqa komandası ilə oynayacağıq! Bu cür matçlar bayramlara bənzəyir. Azarkeşlərimiz də qrupda güclü komandalarla qarşılaşmağımızı istəyirdilər. Biletlərin hamısı satılıb. İnsanlar stadiona “Lester”in oyunçularına baxmaq üçün deyil, bu möhtəşəm qarşılaşmadan zövq almaq üçün gəlirlər”.
Mənbə: Legia.com