İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Las-Veqasda keçirilən UFC 329 turnirində amerikalı Maks Holloueylə 65 saniyə davam edən döyüşə görə ən azı 15 milyon dollar qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Fansided" və "Sporting News" nəşrləri yazıb.
Rəsmi qonorarlar hələlik elan olunmayıb. Üstəlik, UFC-nin rəhbəri Dana Uayt daha əvvəl etiraf etmişdi ki, ödənişli yayımlardan (PPV) faizlərin olmaması səbəbindən Makqreqora ödəniş etmək üçün yeni sövdələşmə düsturu hazırlamaq lazım gəlib.
Turnirdən əvvəl Makqreqorun meneceri Odi Attar bildirmişdi ki, söhbət "bir döyüş üçün tarixi məbləğdən" gedir. "MMAMania"nın sitat gətirdiyi Attar qeyd edib: "Bu məbləğ UFC-dəki digər döyüşçülərin, o cümlədən "Zuffa Boxing"in ödənişlərindən bir neçə dəfə çoxdur".
Xatırladaq ki, boksçu Konor Benn "Zuffa" promouşenindəki döyüşünə görə aprel ayında 15 milyon dollar qazanmışdı.
"SalaryLeaks"in məlumatına görə, Makqreqor Holloueylə döyüşə görə ümumilikdə 32 milyon dollara qədər (15 milyon dolları zəmanətli) qazanc əldə edə bilərdi. Amerikalı rəqibinin isə 5 milyon dollara qədər (3 milyon dolları zəmanətli) qonorara ümid etdiyi bildirilir.