"Mançester Siti" klubunun Premyer Liqanın maliyyə qaydalarını pozmasına görə cəzalandırılması daha bir neçə il uzana bilər.
Oxu.Az xəbər verir ki, bu barədə futbol maliyyəsi üzrə ekspert Stefan Borson "talkSPORT"a açıqlamasında danışıb.
Onun sözlərinə görə, "Mançester Siti"nin apellyasiya şikayətinə dekabrda baxılması gözlənilir. Lakin qərarın açıqlanması üçün dinləmədən sonra ən azı 30-45 gün vaxt tələb oluna bilər.
Apellyasiya şikayəti təmin edilməsə, kluba tətbiq olunacaq cəzanın müəyyənləşdirilməsi üçün ayrıca dinləmə keçiriləcək. Borson hesab edir ki, "Mançester Siti" rəhbərliyi mümkün cəzaya da etiraz edəcək. Bu isə prosesi daha da uzada bilər.
Ekspertin fikrincə, klubun işi ilə bağlı yekun qərarın 2027/28 mövsümünə qədər uzanması istisna deyil.
Qeyd edək ki, sentyabrın 29-da müstəqil komissiya "Mançester Siti"ni 2009/10-2017/18 mövsümlərini əhatə edən dövrdə Premyer Liqanın maliyyə qaydalarını ciddi şəkildə pozmaqda təqsirli bilib. Komissiyanın qənaətinə görə, klub kommersiya müqavilələri vasitəsilə gəlirlərini süni şəkildə artırıb, xərclərini isə azaldıb.
Mümkün cəzalar arasında pul cəriməsi, turnir cədvəlində xalların silinməsi, hətta Premyer Liqadan kənarlaşdırılma da var. "Mançester Siti" isə ittihamları qəbul etmir və komissiyanın qərarından apellyasiya şikayəti verib.