"Mançester Siti" futbol klubu maliyyə qaydalarının pozulması ilə bağlı ittihamlar fonunda artıq müəyyən çətinliklərlə üzləşməyə başlayıb.
Oxu.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, banklar "Mançester Siti" ilə əlaqəli transfer əməliyyatlarını maliyyələşdirməkdən imtina etməyə başlayıblar.
Mənbənin məlumatına görə, kredit təşkilatları klubun İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozması ilə bağlı ittihamlar üzrə müstəqil komissiyanın qərarını gözləməyə üstünlük verirlər.
Qeyd olunur ki, bank maliyyələşdirməsi "şəhərlilər"ə futbolçu satan klublara transfer məbləğinin əhəmiyyətli hissəsini əvvəlcədən əldə etməyə imkan yaradır. Bu cür maliyyələşdirmə mexanizmləri sayəsində banklar özəl kreditləşdirmə bazarında iri müştəriləri cəlb edirlər.
Agentliyin məlumatına görə, Almaniyanın "Oldenburgische Landesbank" bankı Alan Andradenin 2026-cı ilin yayında "Palmeyras"dan 34 milyon funt-sterlinq qarşılığında "Mançester Siti"yə transferi ilə bağlı maliyyələşdirmə əməliyyatından imtina edib.