Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb.
Oxu.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib.
"Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarında cəmi iki nəfərdirlər. Mən onlardan sonrakı nəslə aidəm və onlardan ilham almışam. Onlar futboldakı qaydaları dəyişdilər, bu idmana baxışımızı dəyişdirdilər. Onlardan əvvəlki və onlardan sonrakı futbol anlayışı var. Bu da o deməkdir ki, arxanızda silinməz iz qoymusunuz. Futbol zövqünüzdən asılı olaraq onlardan birinə üstünlük verə bilərsiniz. Amma Messi və Ronaldunun etdiklərinə və hələ də etməyə davam etdiklərinə görə minnətdarlıq və hörmət hissi olmalıdır", - deyə fransalı futbolçu qeyd edib.
Fransalı hücumçu öz karyerası ilə bağlı isə maraqlı açıqlama verib:
"Mənə gəldikdə isə, lazım olsa, 100 yaşımadək oynadığımı təsəvvür edirəm. Artıq oynaya bilmədiyin anı başa düşmək bir növ zəka tələb edir. Messi isə belə düşünməyib, çünki o, hələ də bunu bacarır.
Amma Messi elə Messidir. Mən özümü fərqli futbolçu hesab edirəm. O isə fərqli futbolçular arasında belə fərqli olan bir futbolçudur".