Şimali Makedoniyanın “Sileks” komandasının baş məşqçisi Qoran Simov Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsinin “Qarabağ”a 0:4 uduzduqları oyunla bağlı fikirlərini bildirib.
Oxu.Az-ın müxbiri mətbuat konfransında səslənən fikirləri təqdim edir:
- Pis oynadığımızı düşünmürəm. Cəsarətli olmağa çalışdıq. Bir-iki şansımız oldu. “Qarabağ” elə bir komandadır ki, ən kiçik səhvdən asanlıqla istifadə edə bilər. Məmnun olmadığım əsas məqam hesabın yüksək olmasıdır. Və hakimlikdən narazı qaldıq. “Qarabağ”ı qrup mərhələsində görmək istərdim.
- Hakimlərdən konkret olaraq niyə narazısınız? Oyun ərzində daim etiraz edirdiniz...
- “Qarabağ”ın ikinci qolundan öncə gözümün qabağında baş verən epizodda əllə oyun olmamalı idi. Üstəlik qapıçımız dedi ki, ona toxunuş var idi. Mən əmin deyiləm, epizodu görmədim. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Xüsusi məqamlar oldu ki, biz daha cəsarətli olmağa çalışdıq. “Qarabağ” çox böyük klubdur. Biz isə balaca komandayıq. Düşünürəm ki, bu gün meydanda etdiklərimiz yaxşı işlər idi.
- “Qarabağ” gözlədiyiniz komanda idi?
- Məncə, yaxşı formada olmayan komanda gördük. Məsələn, Zubir bu gün ənənəvi performansından uzaq idi. Analiz edərkən izlədiyimiz sürətli, aqressiv “Qarabağ”ı görmədik.