Azərbaycanlı MMA qadın idmançısı Gözəl Zutova sentyabrın 26-da növbəti döyüşünə çıxacaq.
Bu barədə Oxu.Az-a idmançının özü deyib.
“Növbəti rəqibim “M-1 Global” turniri çərçivəsində Sankt-Peterburqdan olan Dariya Jeleznyakovadır. Sentyabrın 26-da məhz Sankt-Peterburqda onunla döyüşəcəyəm. Əslində bu döyüş avqustun 15-də olmalı idi. Sadəcə, pandemiyaya görə təxirə salındı.
Döyüşdə qalib gəlsəm, 10 min dollar (17 min manat) qazanacağam. Uduzana isə 5 min dollar (8,5 min manat) veriləcək. Əgər qalib gəlsəm, gələn dəfədən UFC-də çıxış edə bilərəm. Çünki müqavilə bağladığım yeni təşkilat ABŞ-ın Kaliforniya ştatında yerləşir və UFC ilə əlaqəsi var.

Əslində mənim hesabımda yeddi yox, səkkiz məğlubiyyətsiz döyüş var. Ötən cümə günü Şəhriyar Abbasovgilin təşkilatı Hövsan Olimpiya İdman Kompleksində turnir keçirdi. Orda da qalib gəldim”.

Qeyd edək ki, Gözəl Zutovanın rəqibi 24 yaşlı Dariya Jeleznyakova da məğlubiyyətsiz döyüşçüdür. O, ötən ildən başladığı peşəkar MMA karyerasında üç görüş keçirib və hamısını qazanıb.
Səbuhi Musayev